Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin aparıcı ali təhsil ocaqlarından olan Allama İqbal Universitetində Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş fotosərgi keçirilib.
Fotosərgidə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Allama İqbal Universitetinin rektoru Nəsir Mahmud, universitetin professor-müəllim, tələbə heyəti və jurnalistlər iştirak ediblər. Ekspozisiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Pakistana rəsmi səfərini əks etdirən fotolar nümayiş olunub.
Fotosərgiyə baxışdan sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov “Azərbaycan–Pakistan əlaqələrinin inkişafının təməlinin qoyulmasında Heydər Əliyevin rolu” mövzusunda mühazirə oxuyub. Diplomat Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkənin iqtisadiyyatında, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahələrində böyük uğurlar əldə edildiyini, çoxsaylı sənaye müəssisələrinin, mədəniyyət və təhsil ocaqlarının, tibb müəssisələrinin inşa olunduğunu, yeni yaşayış massivlərinin salındığını, yolların, habelə ucqar rayonlara qaz və su xətlərinin çəkildiyini vurğulayıb.
Səfir ulu öndərin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməlinin qoyulduğunu, azərbaycançılıq ideologiyasının yüksəlməyə başladığını, kadrların milliləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, eləcə də yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərildiyini diqqətə çatdırıb. O, Heydər Əliyevin müstəqilliyimizin ən ağır dönəmində 1993-cü ilin iyun ayında xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdaraq, ölkədə xaos və anarxiyanı, iqtisadi və siyasi böhranı aradan qaldırdığını Azərbaycanın müstəqilliyini möhkəmləndirdiyini bildirib.
X.Fərhadov əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan–Pakistan münasibətlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də xüsusi əhəmiyyət verildiyini qeyd edib.
Səfir iştirakçıların çoxsaylı suallarını da cavablandırıb.
Qulu KƏNGƏRLİ,
İslamabad