Dünən ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Afrika ölkələrinə – Keniya, Efiopiya (Həbəşistan) və Nigerə səfəri başlayıb. Səfər martın 17-dək davam edəcək.
Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Vedant Patel bildirib ki, Blinken Əddis-Əbəbədə Efiopiya və Afrika İttifaqı Komissiyası ilə tərəfdaşlığı möhkəmləndirmək barədə danışıqlar aparıb. Departamentin yaydığı məlumata görə, Blinken həm də Tıqrayda on minlərlə insanın həlak olması ilə nəticələnmiş münaqişədən sonra əldə olunmuş sülh müqaviləsinin icrası ilə bağlı vəziyyəti müzakirə edib.
Qeyd edək ki, Vaşinqtonun Afrikaya diqqətinin artması Çinin son illərdə bu qitədə infrastruktur layihələri həyata keçirməklə özünün nüfuzunu artırması, eyni zamanda, Rusiyanın Afrikada təsir dairəsini genişləndirməsi ilə bağlıdır. ABŞ və Avropada etiraf edirlər ki, uzun illər Afrika ölkələrini diqqətdən kənar qoyublar, bu da Rusiyaya regionda möhkəmlənmək imkanı verib.
ABŞ diplomatiya idarəsinin başçısının Nigerə səfəri martın 16-na planlaşdırılıb.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”