Avropa İttifaqının (Aİ) “EU4Energy” enerji komandası Azərbaycanın enerji sektorunun transformasiyasını dəstəkləmək üçün ölkə ilə daimi əməkdaşlıq və dialoqdadır. Bunu jurnalistlərə proqramın rəsmi nümayəndəsi deyib.
“EU4Energy” proqramı Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER), Enerji Birliyi Katibliyi (EnCS) və Beynəlxalq Enerji Agentliyi tərəfindən həyata keçirilir. Biz Azərbaycanın Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Agentliyi ilə daimi əməkdaşlıq edirik”, – deyə nümayəndə bildirib.
Onun sözlərinə görə, mayın 25-də “EU4Energy” komandası ağıllı şəhər/kəndin ümumi konsepsiyasında bərpaolunan enerji mənbələrinin (BEM) rolunu, habelə “ağıllı” şəhərin/kəndin layihələndirilməsi üçün BEM ilə əlaqədar istifadə edilməli olan əlavə xidmətlərin növlərini müzakirə etmək üçün Avropa və Azərbaycan ekspertlərini bir araya gətirən seminar keçirib.
Proqramın nümayəndəsinin sözlərinə görə, onun hazırkı mərhələsi “Şərq Tərəfdaşlığı ölkələrində “təmiz” enerjiyə keçidin təşviqi: II mərhələ” 2024-cü ilin dekabr ayına qədər davam edəcək.
“Xalq qəzeti”

