Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan silsilə tədbirlər davam edir. Bu dəfə Azərbaycan və Malayziya şahmatçıları arasında dostluq görüşü keçirilib.
Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, ölkəmizin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudovun təşəbbüsü ilə reallaşan onlayn oyun maraqlı mübarizə ilə yadda qalıb. Yarışda Azərbaycanı Fərid Orucov, Tunar Davudov, Səmra Qasımova və Xanım İsmayılova təmsil edib.
Dostluq görüşü 4,5-3,5 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb. Təmsilçilərimiz arasında ən yaxşı nəticə Xanım İsmayılovaya məxsusdur. Şahmatçımız hər iki görüşündə qələbə qazanıb.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

