Həftəsonu Misli Premyer Liqasında XXV tura yekun vurulub. Ötən həftə olduğu kimi bu tur da gərgin mübarizə və gözlənilməz nəticələrlə yadda qalıb.
Belə ki, turun ilk qarşılaşmasında “Zirə” klubundan bir xal alan “Şamaxı” 20 xalla turnir cədvəlində doqquzuncu olduğu halda, doğma meydanda “Sumqayıt”a məğlub olan “Səbail” klubu 17 xalla çempionatın autsayderi vəziyyətinə düşüb. Bu görüşlərdən sonra “Zirə” klubu 36 xalla dördüncü, “Sumqayıt” isə 21 xalla yeddincidir.
Qeyd edək ki, ötən həftə öz oyunları ilə inamlı təsir bağışlayan “Şamaxı”ya məğlub olan “Sabah” XXV turda “Kəpəz” üzərində 2:0 hesablı qələbəyə sevinib. Bu qələbədən sonra “Sabah” 56 xalla ikinci pilləyə yüksəlib. “Kəpəz” komandası isə 20 xalla səkkizinci yerdə qərarlaşıb.
Qəbələ şəhər stadionunda “Qarabağ”ı qəbul edən eyniadlı komanda isə 1:3 hesabı ilə uduzub. Bununla da lider xallarının sayını 65-ə çatdırıb. “Qəbələ” klubu isə 31 xalla turnir cədvəlində ilk beşliyi tamamlayır.
XXV tura “Neftçi”–“Turan Tovuz” matçı ilə yekun vurulub. “Ağ-qara”lar qonaqların qapısından 4 cavabsız qol keçiriblər. Həmin görüşdən sonra 52 xal toplayan “Neftçi” turnir cədvəlində üçüncü yerdə, 26 xala malik Tovuz təmsilçisi isə altıncı pillədədir.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

