Kişi boksçulardan ibarət milli komandamız Qazaxıstana yollanıb. Azərbaycan Boks Federasiyasının məlumatına görə, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 17 idmançısı Almatıda təlim-məşq toplanışında iştirak edirlər.
Hazırlıqda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov, Əzrək Bəbirov (hər ikisi 57 kq), Malik Həsənov, Cəlal Qurbanov (hər ikisi 63,5 kq), Nəbi İsgəndərov, İlqar Salahov (hər ikisi 67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq), Mirşərif Kazımzadə, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər.
Toplanışda yığmamızla yanaşı, Qazaxıstan, Qırğızıstan və İngiltərə milliləri də iştirak edirlər. Ev sahibi Qazaxıstan komandası məşqdə 100-dən artıq boksçu ilə təmsil olunur.
Qeyd edək ki, dünya çempionatına hazırlıq məqsədi daşıyan məşqlər martın 16-dək davam edəcək.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

