Hamımız zehni və fiziki qabiliyyətlərimizin 20-25 yaş aralığında daha effektiv olduğunu düşünürük. Ətrafımızdakı orta yaşlı insanların qısamüddətli yaddaşı, söz ehtiyatı, məlumatı qavrama kimi qabiliyyətlərinin əvvəlki kimi olmadığını ehtimal edirik. Halbuki elm dünyasında 25 yaşdan sonra Albert Eynşteyn, Nyuton kimi kifayət qədər töhfələr verən alimlər olub. Bəs biz hansı yaşda zəkamızın zirvəsindəyik?
Bir çox tədqiqatçı və psixoloqlar zəkamızın zirvəyə çatdığı yaşla bağlı ətraflı araşdırmalar aparıb. Lakin nəticələr göstərib ki, zehni yaşın bütün aspektləri eyni deyil. Təhlil nəticəsində müəyyən edilib ki, beyində mövcud olan müxtəlif idraki qabiliyyətlər müəyyən yaşda mütləq pik həddə çatmır. Ən effektiv zəka müxtəlif yaş aralıqlarına və ya fərdlərə görə dəyişə bilir.
Alimlər hesab edir ki, informasiyanın daha yaxşı dərk edilməsi 18 və ya 19 yaşlarında zirvəyə çatır. Qısamüddətli yaddaş isə 25-35 yaş aralığında daha effektivdir. Duyğularımız 20-48 yaş aralığında inkişaf edir və sonra azalmağa başlayır. Söz ehtiyatımız yaş irəlilədikcə pik nöqtəsinə çatmağa davam edir. Kimya, biologiya və fizika sahələri gənclər arasında daha çox yüksəliş tendensiyası nümayiş etdirsə də, qalan sahələrdə orta yaşlı insanlar gənclərdən daha çox məlumatlıdırlar.
Bütün bu təhlilləri nəzərə alaraq, zəkamızın müxtəlif hissələrinin həyatımızın fərqli mərhələlərində zirvəyə çatdığı qənaətinə gəlirik. Bəzi bacarıqlar həyat boyu durğun qalsa da, digərləri yaşlandıqca zirvəyə çatır və ya azalmağa başlayır.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

