Fevralın 28-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova bildirib ki, 1-ci dərəcəli dövlət müşaviri, “Şərəf” və “Şöhrət” ordenli Dilarə Seyidzadə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin köməkçisi – Prezidentin Katibliyinin rəisi kimi uzun illər səmərəli fəaliyyət göstərib. Məşhur Seyidzadələr ailəsinin nümayəndəsi olan Dilarə xanımın atası Bağır Seyidzadə tanınmış diplomat, jurnalist və peşəkar tərcüməçi olub. Professor Dilarə Seyidzadənin milli tarixşünaslığımızda da xüsusi yeri var. Onun “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” əsəri milli tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyətinə aparan yolu işıqlandıran ilk tədqiqat işidir.
Rektor, professor Cəfər Cəfərov dahi şəxsiyyət Heydər Əliyevi onun ən yaxın silahdaşlarının təqdimatından tanımağın müstəsna əhəmiyyətindən söz açaraq, qonağa təşəkkür edib, onu tarix müəllimliyi ixtisasında təhsil alan tələbələrlə ustad dərsinə dəvət edib.
Görüş diskussiya formatında davam edib. Müəllim və tələbələrin çoxsaylı suallarını cavablandıran D.Seyidzadə gənclərin Heydər Əliyevdən öyrənməli olduqları ən böyük dəyərlərin Vətəni onun kimi sevmək, məsuliyyətlilik və həyat yolunu doğru müəyyənləşdirmək olduğunu bildirib. Qonaq vurğulayıb ki, ulu öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir. Professor Dilarə Seyidzadə Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb, görüşün təşkilinə görə təşəkkürünü bildirib.
T.RÜSTƏMLİ, “Xalq qəzeti”