“Xocalı dərdi, Xocalı dərsi” mövzusunda elmi sessiya

post-img

Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar “Xocalı dərdi, Xocalı dərsi” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş nitqi ilə açan muzeyin baş direktoru, akademik Rafael Hüseynov Xocalı faciəsinin XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən amansız və qəddar cinayətlərdən biri olduğunu bildirib. O, dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət olan Xocalı faciəsi barədə ətraflı məlumat verib, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı dəhşətlərindən, faciənin başvermə səbəblərindən danışıb.

Akademik Rafael Hüseynov qeyd edib ki, bu dinc, gündəlik həyatını yaşayan sadə insanların məruz qaldığı dəhşətin bircə səbəbi olub. Onları azərbaycanlı olduqlarına, məhz milli mənsubiyyətlərinə görə bu müsibətlərə məruz qoyublar.

Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayətlərin cəza müddətinin olmadığını deyən baş direktor qeyd edib ki, 31 il bundan əvvəl ermənilərin xalqımıza qarşı həyata keçirdikləri bu cinayətin də cəza müddəti yoxdur: “İnsanlığa qarşı törədilmiş bu soyqırımın səbəbkarları gec-tez öz cəzalarını alacaqlar”.

Rafael Hüseynov vaxtilə “Amerikanın səsi” radiosu vasitəsilə aparılan çevik informasiya təbliğatından söz açaraq, Azərbaycanın məruz qaldığı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün imkanların uzun müddət məhdud olduğunu vurğulayıb. O, ilk dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasında hazırlanmış “Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi soyqırımlarının tanınması haqqında” yazılı bəyannaməsindən bəhs edib.  

Alim bu qəddar vandalizm aktının günahkarlarına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib. 

“Xocalı soyqırımının dünyada tanıdılmasında mədəniyyət mərkəzlərinin, muzeylərin, ədəbiyyat və elm adamlarının üzərinə daha çox iş düşür. Faciələrimizi olduğu kimi, bütün ağrı-acısıyla dünya ictimaiyyətinə çatdırmaq üçün sanballı əsərlər yazılmalı, beynəlxalq səviyyəli filmlər çəkilməli, musiqilər bəstələnməlidir”, - deyə baş direktor bildirib.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Bu gün bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

Akademik Rafael Hüseynov çıxışının sonunda on illiklər, yüz illiklər keçsə də bu qanlı hadisələrin heç zaman unudulmayacağını qeyd edib.

Elmi sessiyada, həmçinin muzeyin Sergey Yesenin adına Azərbaycan-Rusiya ədəbi əlaqələr Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Natavan Mustafayeva, Xurşidbanu Natəvan adına Qarabağ filialının əməkdaşı Rəhman Baxşəliyev, Nizami Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Xocalı faciəsinin heç zaman unudulmayacaq acılarından söz açdılar.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

 

Son xəbərlər