Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 16-da “Heydər Əliyev İli” çərçivəsində Milli Arxiv İdarəsində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə keçirilən görüşündə səsləndirilib.
Tədbirdə YAP-ın Binəqədi, Qaradağ və Zəngilan rayon təşkilatlarının üzvü olan gənc fəallar iştirak ediblər.
Əvvəlcə Milli Arxiv İdarəsinin foyesində Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış keçirilib.
Sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Liderin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ulu Öndər Heydər Əliyevdir. Təşkilat sədrinin sözlərinə görə, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar YAP-ın Mərkəzi Aparatı da silsilə tədbirlər həyata keçirir.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçiliyimizin və xalqımızın intibahında tarixi mərhələləri təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın yaranması dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Dağılmaq ərəfəsində olan Azərbaycan dinamik inkişaf edən bir ölkəyə çevrildi.
Arif Rəhimzadə qeyd edib ki, bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir: “Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov isə bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. Elman Məmmədov, həmçinin Ulu Öndərin hələ sovetlər dövründə Qarabağın inkişafı istiqamətində gördüyü işlərdən danışıb.
YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin hər zaman öyrəniləcəyini vurğulayıb. Vahid Novruzov Ulu Öndərin ölkəmizin inkişafı istiqamətində başlatdığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb.
Sonda YAP Veteranlar Şurasının üzvləri gənclərin suallarını cavablandırıblar.