Macar nəşri Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin təminatındakı rolundan yazır

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri ilə bağlı AZƏRTAC tərəfindən yayılan materiallar Macarıstanın kütləvi informasiya vasitələrinin manşetində yer alıb.

Belə ki, bu ölkənin “Napi” nəşri “Azərbaycan qazı ilə bağlı hər şey qaydasındadır, əsas odur ki, gəlib çatsın” sərlövhəli material yayıb.

Müəllif Sabolç Heqedyuş yazır ki, əgər Azərbaycan Avropa İttifaqı üçün enerji ehtiyatlarının mühüm tədarükçüsündən birinə çevrilərsə, o zaman Macarıstan Avropa qaz tədarükü zəncirində əsas hissəni öz üzərinə götürə bilər. Avropa son ilyarım ərzində 1970-ci ildən bəri görünməmiş enerji böhranı ilə üzləşib. Böyük ehtimalla bu, Aİ-nin tədarük mənbəyinin seçilməsinə münasibətdə daha ehtiyatlı davranmasının səbəblərindən biridir.

“Oeconomus” İnstitutunun tədqiqatında qeyd olunur ki, koronavirus epidemiyası zamanı enerji daşıyıcılarının qiymətinin kəskin aşağı düşməsi bu sektorda istehsal obyektlərinin genişləndirilməsinə investisiya yatırılmasının azaldılması ilə nəticələnib. Lakin postpandemiya dövrü tələbatın artmasına gətirib çıxardı, bazarın disbalansı isə enerji daşıyıcılarının qiymətinin yüksəlməsinə səbəb oldu. Ötən il Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq tətbiq edilən sanksiyalar qiymətləri daha da artıraraq təklifi bir qədər də azaltdı. Adıçəkilən institutun apardığı tədqiqatın nəticələrinə görə, tətbiq olunan sanksiyalar səbəbindən Rusiyadan Avropa İttifaqına neft və qaz nəqli ötən il müvafiq olaraq 90 faiz və 80 faiz azalıb.

İndi Aİ-yə üzv ölkələr Rusiyadan enerji tədarükü itkisini bərpa etmək üçün qonşu ölkələrlə enerji əməkdaşlığını nizamlamağa səy göstərirlər.

Avropa Komissiyası indi diqqətini Azərbaycana yönəldib. Son illər Macarıstan Brüsselin tənqid mərkəzində idi, lakin enerji böhranı və iqtisadi reallıqlar Aİ rəhbərliyini münasibətini dəyişməyə məcbur etdi.

“Azərbaycan Avropanın enerji təchizatı üçün əsas ölkədir”, - deyən məqalənin müəllifi Macarıstanın Baş naziri Viktor Orbanın sosial şəbəkə hesabındakı paylaşımından sitat gətirir. Hökumət başçısı Prezident İlham Əliyev ilə enerji məsələləri üzrə danışıqlar apardığını bildirib. Baş nazirin paylaşımında deyilib ki, indi iki ölkə arasında enerji əməkdaşlığının möhkəmlənməsi və Macarıstanın energetika şirkətləri ilə danışıqlar Azərbaycan Prezidentinin bu ölkəyə səfər proqramında mühüm yer tutur.

Digər tərəfdən xatırlatmaq yerinə düşər ki, ötən il dekabrın ortalarında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabel çəkilməsi barədə razılığa gəliblər. Uzunluğu 1195 kilometr təşkil edəcək kabel dünyada dənizin dibi ilə gedən ən uzun xətt olacaq. Qara dənizin dibi ilə çəkiləcək kabelin köməyi ilə Azərbaycan təkcə Macarıstan və Rumıniyanı deyil, həmçinin bütün Mərkəzi və Şərqi Avropanı, Balkan ölkələrini bərpaolunan mənbələrdən ucuz elektrik enerjisi ilə təmin edə biləcək. Avropa Komissiyası layihənin maliyyələşdirilməsinə 2,3 milyard avro ayırır. Dünya Bankı bu il başa çatacağı gözlənilən və dəyəri 2,5 milyon avro həcmində qiymətləndirilən texniki-iqtisadi əsaslandırmanı maliyyələşdirəcək.

“Oeconomus”, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin yaxın illərdə ölkənin yaşıl enerji sektorunun xeyli genişlənəcəyi, 2027-ci ilədək ölkədə enerjinin 80 faizinin ixrac olunacağı barədə fikirlərini də xatırladıb.

Yazıda “Şahdəniz” qaz yatağından da bəhs edilir. Onun sayəsində Azərbaycanın mühüm qaz ixracatçılarından birinə çevrildiyi vurğulanır. Bildirilir ki, 2021-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı ölkələrinə 8,2 milyard kubmetr təbii qaz tədarük edib.

Diqqətə çatdırılıb ki, Azərbaycanı Avropa üçün cəlbedici edən amillər qiymətin münasib olması və etibarlılıqdır. 2027-ci ilədək Xəzər dənizindən Avropaya qaz tədarükünün ildə 20 milyard kubmetrə qədər artacağı gözlənilir.

Məqalədə, eyni zamanda, bildirilib ki, Avropaya qaz həcminin artırılması üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ehtiyac var və Avropa Komissiyası tərəfindən bu məqsədlə maliyyə dəstəyi göstərilə bilər.

Son xəbərlər