Ölkədə biznes mühitinin davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə keçirilən görüşdə ətraflı müzakirə olunub.
Sahibkarlıq subyektləri üçün əlçatanlığın təmin edilməsi, prosedurların asanlaşdırılması və fasiləsiz həyata keçirilməsi məqsədilə qida təhlükəsizliyi sahəsində sistemli islahatlar aparılır, rəqəmsal xidmətlərin əhatə dairəsi genişləndirilir. Laborator müayinələrin keyfiyyəti və operativliyi yüksəldilib, idxal, ixrac əməliyyatlarının sürətli və sadələşdirilmiş üsulla icrası təmin olunub.
İdxal-ixrac əməliyyatları tam rəqəmsallaşdırılıb və proseslərin daha çevik və effektiv təşkili sahəsində sahibkarlar elektron qaydada müraciət edərək icazə sənədlərini real vaxt rejimində əldə edə bilirlər. Yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür ki, bunun nəticəsi olaraq, hazırda Azərbaycan dünyanın 73 ölkəsinə qida məhsulları ixrac edir.
Görüş zamanı iki qurum arasında sahibkarlarla daha sıx və effektiv kommunikasiyanın təmin olunması məqsədilə birgə əməkdaşlıq mexanizmlərinin yaradılması ilə bağlı razılıq əldə olunub.

