2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 29,7 milyard manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 1,2 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 0,2 faiz artım baş verib.
Cari ilin birinci rübündə ölkəmizdə əlavə dəyərin 33,5 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrində, 23,3 faizi isə digər sahələrdə istehsal edilib. Hesabat dövründə məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.
Ümumilikdə, ölkədə həyata keçirilən məqsədyönlü tədbirlər, qeyri-neft sektorunun inkşaf etdirilməsi ilə bağlı görülən işlər qarşıdakı aylarda bu sahədə ciddi dönüşün baş verəcəyindən xəbər verir. Elə dünyanın bir sıra nüfuzlu reytinq təşkilatlarının da ölkəmizin perspektiv inkişafı ilə bağlı proqnozları müsbətdir. Bu baxımdan Niderlandın ING bank qrupunun Azərbaycanın ümumi daxili məhsul üzrə proqnozu diqqət çəkir. Qurumun Azərbaycanın 2028-ci ilə qədər olan müddəti əhatə edən yenilənmiş proqnozuna əsasən, 2026-cı ildə ölkəmizdə illik ÜDM artımı 2,5 faiz təşkil edəcək.
Bank analitiklərinin Azərbaycanın cari il üzrə rüblük iqtisadi artımla bağlı qiymətləndirmələri də ümidvericidir. Onların qənaətinə görə, bu ilin ikinci rübündə ölkəmizdə iqtisadi artım 2,5 faiz, üçüncü rübdə 5 faiz təşkil edəcək. İlin son rübündə isə bu artımın 3 faizə qədər enəcəyi gözlənilir. Bununla yanaşı, bankın 2027-ci il üçün proqnozu da nikbindir. Qurumun analitikləri hesab edirlər ki, gələn ilin ilk rübündə Azərbaycan iqtisadiyyatı 3 faiz artım nümayiş etdirəcək. Bu göstərici ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3,5 faiz səviyyəsində olacaq.
2026-cı ilin 3 ayında ölkə iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə baş verən artım diqqəti cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 14,9 milyard manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1 faiz azalsa da, qeyri-neft-qaz sektorunda isə 7,2 faiz artıb. Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir.
Sənaye məhsulunun 58,7 faizi mədənçıxarma sektorunun payına düşüb. Hesabat dövründə sözügedən sektor üzrə əmtəəlik neft hasilatı 3,4 faiz azalsa da, əmtəəlik qaz hasilatı 0,7 faiz artıb. Ümumilikdə, cari ilin birinci rübündə mədənçıxarma sənayesində 8 milyard 723 milyon manatlıq məhsul istehsal olunub. Sahənin mühüm növ məhsullarına gəldikdə isə, hesabat dövründə ölkə üzrə 6,6 milyon ton xam neft və kondensat istehsal edilib. Bununla yanaşı, ilin əvvəlindən 9,9 milyard kubmetr təbii qaz hasil olunub.
Bu ilin yanvar–mart aylarında sənayenin emal sektorunda 4 milyard 978,8 manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,2 faiz çoxdur. Hesabat dövründə sahənin mühüm növ məhsullarından olan avtomobil, qoşqu və yarımqoşquların, elektrik avadanlıqlarının, kompüter, elektron və optik, toxuculuq sənayesi və poliqrafiya məhsullarının, tikinti materiallarının, kağız və kartonun, qida məhsullarının, geyimlərin, metallurgiya, qida məhsulları və içkilərin, tütün məmulatlarının istehsalında əhəmiyyətli artım qeydə alınıb. Bununla belə, içkilərin, rezin və plastik kütlə məmulatlarının, neft məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, kimya sənayesi məhsullarının, metal məmulatlarının, ağacın emalı və ağacdan məmulatların, maşın və avadanlıqların istehsalı isə azalıb.
Bu ilin ilk 3 ayında ölkə sənayesinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 26,6 milyon manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 141,9 milyon dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Yanvar-mart aylarında iqtisadiyyatın digər mühüm sahələrindən olan aqrar sektorda 1 milyard 717,6 milyon manat dəyərində məhsul istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalında 1,1 faizlik artım qeydə alınıb. Hesabat dövründə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 5,5 faiz artaraq 101,3 milyon manatı milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,9 faiz çoxalaraq 1 milyard 616,3 milyon manat təşkil edib.
İlin ilk rübündə Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmində də əhəmiyyətli artım baş verib. Dövlət Statistika Komitəsi bildirir ki, hesabat dövründə əsas kapitala 4 milyard 49,8 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çoxdur. Yanvar–mart aylarında neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,6 faiz, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,2 faiz artıb. Ümumi sərmayənin 2 milyard 286,6 milyon manatı və ya 56,5 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 252,8 milyon manatı və ya 30,9 faizi xidmət sahələrinə, 510,4 milyon manatı və ya 12,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Mirbağır YAQUBZADƏ
XQ

