Xalqımız bu mesajdan sonra hərb və siyasət tarixinə yeni səhifələr yazdı
Biz... istədiyimizə nail olacağıq. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın.
Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2018-ci il tarixli andiçmə mərasimindəki nitqindən.
Əslində, biz həmin seçkilərə qədər də dünyanın yeni tarixinə mühüm səhifələr yazmışdıq. Coğrafi baxımdan o qədər də böyük olmayan gənc müstəqil dövlətin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, həmin quruma uğurlu sədrliyi, rəsmi Bakının NATO – Rusiya və Rusiya – ABŞ hərbi rəhbərlərinin görüşlərinə ev sahibliyi etməsi, Avropa tarixinə düşmüş “Bakı prosesi” kimi mühüm siyasi prosesin təşəbbüskarı olması, paytaxtımızda BMT başda olmaqla əksər beynəlxalq təşkilatların mühüm tədbirlərinin keçirilməsi, ilk Avropa Oyunlarını müvəffəqiyyətlə başa çatdırması, ən başlıcası, 2016-cı ilin Aprel döyüşləri bu seçkiyə qədər qazandığı uğurları idi.
Həmin siyasi faktın – 2018-ci il prezident seçkilərinin özü müstəqillik dövrümüzün ilk növbədənkənar seçkisi olaraq tarixə düşmüşdür. Həm də bu seçki bilavasitə iqtidar partiyasının təşəbbüsü ilə keçirilirdi. Halbuki, Azərbaycanla eyni dövrdə müstəqillik qazanmış ölkələrin əksəriyyətində növbədənkənar seçkiləri müxalifət partiyaları tələb edirdilər. Ölkəmizdə iqtidar partiyasının bu təşəbbüslə çıxış etməsinin təməlində xalqın mövcud iqtidara inamı dururdu. YAP rəsmiləri əmin idilər ki, Azərbaycan seçicisi Heydər Əliyev siyasi kursunun davam etdirilməsindən başqa bir yol tanımır və tanımaq istəmir.
Bu seçkinin hazırlanması, keçirilməsi və nəticələri barədə ötən yazılarımızda bir çox məqamlara toxunmuşduq. İndiki yazıda isə cənab Prezidentin – xalqımız təxminən iki il yarımdan sonra onu Müzəffər Ali Baş Komandan adlandıracaqdı – növbəti andiçmədə səsləndirdiyi fikirlər, xalqa verdiyi vədlər və həmin vədlərin reallaşdırılması istiqamətində həyata keçirilən layihələr, atılan addımlar barədə olacaq.
Cənab Prezident həmin il aprelin 18-də növbəti dəfə dövlət başçısı kimi and içərkən demişdi ki, “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”.
2003-cü ildən – Prezident kimi ilk andiçmədən keçən 15 il ərzində Azərbaycanın keçdiyi yola nəzər yetirən dövlət başçımız demişdi ki, təməlini Heydər Əliyevin qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur: “Ötən illər ərzində Azərbaycan xalqı təhlükəsizlik və sabitlik şəraitində yaşamışdır. Ölkədə daxili risklərin hamısı aradan qaldırılıb. Dövlət xarici risklərdən özünü qoruya bilmişdir. Təminatçısı Azərbaycan xalqının olduğu təbii sabitlik inkişafın əsas şərti olmuşdur. Xalq vahid milli ideya ətrafında birləşərək uğurla inkişaf edir. Azərbaycanda dinlərarası münasibətlər nümunəvi xarakter daşıyır”.
Cənab Prezidentin həmin nitqindən məhz bu cümlələri sitat gətirməyimiz təsadüfi deyil. Çünki son zamanlar, daha doğrusu, son iki-üç ildə dünyanın əksər bölgələrində yaşanılan münaqişə, müharibə, terror, təxribat, irqi ayrı-seçkilik, milli və dini dözümsüzlük faktları görünməz dərəcədə sürətlə artır. Azərbaycanda isə daxili sabitlik, tolerantlıq, beynəlxalq münasibətlərdə balanslı siyasət yeridilməsi, ölkəmizin dost və tərəfdaşlarının artması günün reallıqlarıdır. Biz, hətta iki əsrdən də çox xalqımıza düşmənçilik edən, Xocalı soyqırımı kimi heç zaman unudulmayacaq faciəmizi törətmiş ermənilərlə münasibətdə də sülhün təşəbbüskarı və təminatçısı kimi çıxış edirik.
Cənab Prezident 18 aprel 2018-ci il tarixli andiçməsində demişdi ki, bizim Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir: “Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır”.
O dedi və etdi. Həmin gün xalqa əlli milyonluq soydaşlarımızın hamısının arzuladığı nəticəni vəd edən and içdi və həmin andını əmələ çevirdi. Ötən yazılarımızda qeyd etdiyimiz kimi, adıçəkilən seçkidən az sonra – 2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən əməliyyat nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Günnüt kəndini, Ağbulaq yüksəkliyini, Qızılqaya dağını və Qaraqaya dağını işğaldan azad etdi. Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ümumi olaraq 11 min hektarlıq ərazi işğaldan azad edildi. Uğurlu hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan – Keşişkənd (Yexeqnadzor) – Gorus – Laçın – Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Ən başlıcası, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan məğlub edildi və torpaqlarımız işğaldan azad olundu...
Həmin seçkidən üç il iki ay sonra – 2021-ci il iyunun 15-də Ermənistan işğalından azad edilmiş Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması təkcə Ermənistana deyil, bütün dünyaya mesajların göndərilməsi idi.
Həmin sənədin mühüm bəndlərindən biri belədir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Şuşa Bəyannaməsindən keçən beş ildə beynəlxalq aləmdə baş verən proseslər həmin sənədin bizim üçün nə qədər önəmli və əhəmiyyətli olduğunu sübut edir. İndi artıq Ermənistan rəhbərliyi Azərbaycandan maddi və mənəvi, hətta siyasi dəstək umur. Ancaq həmin adamlar 2018-ci il seçkilərindən əvvəl “Qarabağ Ermənistandır!”, - deyə hayqırır, Yevlaxa qədər tank sürəcəklərini deyir, Bakıda çay içəcəklərini bəyan edirdilər.
Onlar Bakıda çay içdilər, amma həbsxanada. İndi isə müharibə caniləri kimi cəzalarını çəkirlər.
İnanıram ki, hörmətli oxucular indi əlavə edəcəyim cümləyə görə məni qeyri-təvazökarlıq etmiş qələm sahibi kimi qınamayacaqlar: “Mən fəxr edirəm ki, bütün bu proseslər barədə qələmə aldığım yazılardan ibarət “And və əməl” adlı kitab ərsəyə gətirmişəm.
Yolun daim açıq olsun, Azərbaycan!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

