Dünya Bankı “Xəzər dənizinin ekosisteminin bərpası: çirklənmənin idarə olunması və bioloji müxtəlifliyin qorunması sahəsində potensialın yaradılması” genişmiqyaslı ekoloji təşəbbüsünün maliyyələşdirilməsini təsdiqləyib. Qurumdan verilən məlumata əsasən, Azərbaycan və Mərkəzi Asiyanın iki ölkəsinin iştirakı ilə həyata keçiriləcək layihə Xəzər dənizində çirklənmə ilə mübarizə və bioloji müxtəlifliyin qorunması sahəsində regional əməkdaşlığın gücləndirilməsinə yönəlib.
Qlobal Ekoloji Fond icraedici qurumlar qismində Dünya Bankına və BMT-nin Ətraf Mühit Proqramına 11 milyard 740 milyon ABŞ dolları həcmində qrant ayırır. Vəsaitlər Azərbaycan, Qazaxıstan və Türkmənistanda layihənin həyata keçirilməsini təmin edəcək.
Dünya Bankı, həmçinin 8 milyard 240 milyon dollar dəyərində ayrıca layihəni Direktorlar Şurasının müzakirəsinə çıxarmağı planlaşdırır. Sözügedən layihənin icraedici agenti qismində isə BMT-nin Layihə Xidmətləri İdarəsi çıxış edəcək. Bundan əlavə, layihənin hazırlanması məqsədilə BMT-nin Layihə Xidmətləri Ofisinə 183 min dollar həcmində qrant ayrılacaq. Həmin vəsait isə ekoloji və sosial qoruyucu mexanizmlərin hazırlanması, eləcə də iştirakçı ölkələr arasında qarşılıqlı fəaliyyətin koordinasiyanın gücləndirilməsi üçün istifadə olunacaq.
Qeyd edək ki, təşəbbüsün əsas məqsədi Azərbaycan, Qazaxıstan və Türkmənistanın institusional potensialını gücləndirməklə region ölkələrinə çirklənmənin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi və bioloji müxtəlifliyin qorunması tədbirlərinin genişləndirilməsi istiqamətində dəstək verməkdir. Layihə, həmçinin dövlətlərin Tehran Konvensiyası və onunla əlaqəli protokollar üzrə öhdəliklərinin icrasına yönəlmiş mövcud səyləri tamamlayır.
Layihənin strukturu üç əsas komponentdən ibarətdir. Maliyyələşdirmə çərçivəsində çirklənmənin idarə olunmasına, eləcə də xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin inkişafı istiqamətlərinin hər birinə müvafiq olaraq nin 3,9 milyon dollar, layihənin idarə olunmasına isə 443,12 min dollar vəsaitin ayrılması nəzərdə tutulur.
Yeri gəlmişkən, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi yüksək endemikliyə malik unikal ekosistemdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Xəzər dənizi hövzəsində, çaylar da daxil olmaqla, 153 balıq növü var ki, bunların 81-i endemikdir. Eyni zamanda, dünyadakı nərə balıqları ehtiyatının 80 faizi burada cəmləşib. Xəzər suitisi isə dənizin yeganə məməli növüdür.
Son illər bu nadir su hövzəsinin bioloji müxtəlifliyi çoxsaylı təhdidlərlə üz-üzə qalıb. Belə ki, iqlim dəyişikliyi ilə əlaqədar suyun azalması dəniz səviyyəsinin enməsinə səbə olub ki, bu da ekosistemi dayanıqsız edir. Xəzərin biomüxtəlifliyinə ən böyük təhlükə isə sənaye və tullantı suları və neftlə çirklənmə səbəbindən yaranıb. Bununla yanaşı, nərə balıqlarının qanunsuz ovu səbəbindən ehtiyatlar kəskin azalıb. Yeri gəlmişkən, hazırda nərəkimilərin ehtiyatı kəskin şəkildə azaldığı üçün onların sənaye ovu qadağan edilib və ehtiyatlarının bərpası üçün tədbirlər görülür…
Rövşən ABBASOV,
coğrafiya üzrə fəlsəfə doktoru
Məlum olduğu kimi, Xəzər dənizi artıq uzun onilliklərdir ki, ciddi ekoloji problemlərlə üz-üzədir. Bu vəziyyətin əsas səbəblərindən biri Xəzər hövzəsində yerləşən ölkələr tərəfindən dənizə axıdılan çirkab və sənaye sularıdır. Bu istiqamətdə müxtəlif statistik göstəricilər mövcuddur.
Mövcud rəqəmlər və aparılan müasir tədqiqatlar göstərir ki, Xəzər dənizi kifayət qədər çirklənmiş su hövzəsidir. Bu hal isə birbaşa və dolayı yollarla biomüxtəlifliyə mənfi təsir göstərir. Bununla yanaşı, dənizin müəyyən ərazilərində aparılan həddindən artıq balıq ovu da biomüxtəlifliyin azalmasına ciddi təsir edən amillərdəndir.
Qeyd olunan layihənin əsas iki istiqaməti mövcuddur: Xəzər dənizində çirklənmənin azaldılması və biomüxtəlifliyin qorunması. Çirklənmənin azaldılması məqsədilə monitorinq sisteminin gücləndirilməsi nəzərdə tutulur. Bu çərçivədə sahil zonalarından dənizə daxil olan çirkləndirici axınların qarşısının alınması, onların müvafiq sutəmizləyici qurğulara yönləndirilməsi planlaşdırılır.
Azərbaycanda bu problemin daha çox Abşeron yarımadası ilə bağlı olduğu nəzərə alınaraq əsas tədbirlər də məhz sözügedən istiqamətdə həyata keçiriləcək. Eyni zamanda, Bakı şəhərində tullantı sularının idarə olunması ilə bağlı xüsusi Dövlət Proqramı icra olunur.
Tullantı, yağış və digər axıntı sularının düzgün idarə olunması bu prosesin mühüm tərkib hissəsidir. Biomüxtəlifliyin qorunmasına gəldikdə isə, Azərbaycan, Qazaxıstan və Türkmənistanda hər ölkə üzrə bir olmaqla üç dəniz qorunan ərazisinin yaradılması planlaşdırılır. Bu təşəbbüs həmin ölkələr üçün ilk dəniz qorunan ərazilərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə Azərbaycanda Abşeron Milli Parkının ərazisinin genişləndirilməsi nəzərdə tutulur. Ümumilikdə isə, layihənin həyata keçirilməsi Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşacağına, çirklənmənin azalacağına və biomüxtəlifliyin qorunmasına mühüm töhfə veriləcəyi gözlənilir.
Mirbağır YAQUBZADƏ
XQ


