Azərbaycanda heç nə İrana təhlükə yaratmır

post-img

Neft kəmərləri isə dünyada dinc məqsədlərə xidmət edir

Martın 5-də Azərbaycan növbəti dəfə İranın terror aktına məruz qaldı. Bu dəfə Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, muxtar respublika ərazisində yerləşən mülki obyektlər və məktəb hədəfə alındı.

İran ilk dəfə deyil ki, Azərbaycan dövlətinə qarşı terror aktı törədir. 2023-cü ilin yanvar ayında ölkəmizin Tehrandakı səfirliyi də terror hücumuna məruz qalmışdı. Son 3 ildə baş verən bu iki hadisə onu göstərir ki, cənub qonşumuz ölkəmiz üçün potensial risk mənbəyidir. Belə olan halda haqlı olaraq sual ortaya çıxır: İrandan Azərbaycana qarşı növbəti təhlükə nə ola bilər?

Son günlərdə bir sıra beynəlxalq media orqanlarında Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin İran tərəfindən potensial hədəf ola biləcəyi barədə xəbərlər və analizlər dərc olunub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müşaviri çərşənbə axşamı bildirib ki, Tehran “düşmənlərin neft təchizatı xətlərini” hədəf alacaq və regiondan neft ixracının davam etməsinə imkan verməyəcək. İran mediasının yaydığı bu açıqlama ABŞ və İsrailin İrana hücumlarından sonra regionda gərginliyin artması fonunda səsləndirilib.

Yaxın Şərq siyasəti və regional hadisələr barədə xəbərlər və analizlər yayımlayan “Middle East Eye” nəşri bildirib ki, SEPAH komandirinin müşavirinin açıqlaması İranın Bakı–Tbilisi–Ceyhan boru kəmərini hədəf ala biləcəyi ilə bağlı ciddi narahatlıqları artırır: “İranın “düşmən neft xətlərinə” zərbə endirmək təhdidi, əslində, yalnız Bakı–Tbilisi–Ceyhan boru kəmərini nəzərdə tuta bilər...”.

BTC boru kəmərinin İran tərəfindən mümkün hədəf kimi qiymətləndirilməsinə dair iddialar İsrailin Azərbaycandan neft alması ilə bağlı məlumatlar və müzakirələrlə əlaqələndirilir. BTC kəmərinə qarşı bu cür təhdidlər ilk dəfə deyil ki, səsləndirilir. Hələ ötən il ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlardan sonra bu fikirlər ortaya çıxmışdı. Rejimə yaxın bəzi ekspert və analitiklərin çıxışlarında müharibə şəraitində BTC kəmərinin hədəf alınmasının Hörmüz boğazının bağlanmasından daha təsirli ola biləcəyi iddia edilirdi.

Bu kimi absurd yanaşmalar iki arqument üzərində qurulub. Birinci arqument, belə bir qərarın siyasi və iqtisadi nəticələrinin yüksək olması ilə bağlıdır. İkinci arqument isə ondan ibarətdir ki, İsrailə qarşı əməliyyatlarda istifadə edilən hərbi vasitələrin müəyyən hissəsinin Azərbaycan nefti ilə təmin edildiyi iddia olunur. Bu kontekstdə BTC kəmərinin hədəfə alınmasının İsrailin hərbi imkanlarına dolayı təsir göstərə biləcəyi fikri irəli sürülür. Bu yanaşmanı müdafiə edən dairələr mümkün addımı “özünümüdafiə” prinsipi ilə əsaslandırmağa çalışırlar.

Qeyd edək ki, SEPAH-ın bu açıqlamasından sonra NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyə hava məkanına yaxınlaşan İran ballistik raketini keçirərək məhv edib. İrandan buraxılan raket İraq və Suriya ərazilərindən keçərək Şərqi Aralıq dənizi üzərində zərərsizləşdirilib. Daha sonra onun qalıqları Hatay Dörtyol rayonunda açıq əraziyə düşüb.

Rəsmi açıqlamalarda konkret hədəf adı çəkilməsə də, ehtimal olunan obyekt kimi Bakı–Tbilisi–Ceyhan boru kəməri, xüsusilə də onun Ceyhandakı terminalı strateji obyekt kimi diqqət çəkir. Raketin uçuş istiqaməti Türkiyənin cənubundakı Aralıq dənizi sahili ilə uyğunluq təşkil edib. Raketin qalıqlarının Hatay bölgəsində enerji infrastrukturuna yaxın əraziyə düşməsi isə bu strateji marşrutun təhlükə altında ola biləcəyi ilə bağlı ehtimalları artırır.

Əgər belə bir risk real ssenariyə çevrilərsə, məsələ artıq lokal qarşıdurma çərçivəsindən çıxaraq daha geniş geoiqtisadi nəticələr doğura bilər. Çünki BTC kəməri sıradan enerji infrastrukturu deyil. Bu marşrut həm tranzit ölkələr üçün iqtisadi gəlir mənbəyidir, həm də enerji axınlarının şaxələndirilməsi baxımından strateji funksiyaya malikdir. Kəmərin nominal ötürmə gücü gündə təxminən 1,2 milyon barel səviyyəsində qiymətləndirilir ki, bu da onu regional miqyasda ən iri enerji layihələrindən birinə çevirir.

Avropa üçün BTC-nin əhəmiyyəti xüsusilə enerji diversifikasiyası kontekstində önəmlidir. Avropa uzun illərdir enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi strategiyasını həyata keçirir. Bu baxımdan Xəzər regionundan gələn neft axınları Avropanın təchizat zəncirində alternativ imkan yaradır və bazar dayanıqlılığını gücləndirir. BTC kimi layihələr Avropanın enerji təhlükəsizliyi arxitekturasında Rusiyayönlü asılılığın azaldılması istiqamətində mühüm elementdir.

Eyni zamanda, ABŞ da bu marşruta strateji əhəmiyyət verir. ABŞ uzun illərdir Xəzər enerji dəhlizlərinin inkişafını dəstəkləyib və BTC layihəsi Qərb enerji siyasətinin mühüm komponentlərindən biri kimi qəbul olunub. Əgər enerji infrastrukturu hərbi hədəflərlə paralel şəkildə risk altına düşərsə, bu, münaqişənin miqyasının genişlənməsi demək olar. Azərbaycandan Gürcüstana və oradan da Türkiyəyə uzanan BTC boru kəməri regional enerji təhlükəsizliyi üçün çox vacibdir.

Bu açıqlamalar fonunda hər hansı bir hücum qlobal neft bazarlarındakı tarazlığı poza bilər. Azərbaycan xam neftinin əsas ixrac marşrutu BTC boru kəməri vasitəsilə Ceyhan limanına çatdırılır. Bu kəmərdən çıxan neft beynəlxalq bazarda satılır. Qeyd edək ki, Azərbaycan nefti Ceyhanda artıq qlobal ticarət məhsulu kimi alınır. Ceyhan limanından tanker şirkətləri tərəfindən alınan neft müxtəlif ölkələrə göndərilir və onların arasında İsrail də var. Bu da, öz növbəsində, onu deməyə əsas verir ki, rəsmi Bakı birbaşa olaraq İsrailə neft ixracı həyata keçirmir.

M.BAĞIRLI
XQ

İqtisadiyyat