Xorvatiya ilə də “yaşıl enerji” əməkdaşlığı qurulur

post-img

Məlum olduğu kimi, bu il martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) və Xorvatiyanın “Energia Naturalis d.o.o” şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bugünlərdə Xorvatiya şirkəti sözügedən sənədin detalları ilə bağlı açıqlama yayıb. Bildirilib ki, anlaşma memorandumu ilkin 12 aylıq müddət üçün əməkdaşlıq çərçivəsini müəyyən edir. Bu müddət ərzində əsas diqqət birgə qiymətləndirmə fəaliyyətlərinə, təcrübə mübadiləsinə və bərpa olunan enerji mənbələrinə gələcək investisiyaları dəstəkləyə biləcək şərtlərin hazırlanmasına yönələcək.

Qeyd olunub ki, memoranduma əsasən, BOEMDA və ENNA Azərbaycanın bərpaolunan enerji sektorunda mövcud imkanların qiymətləndirilməsi və iqtisadi cəhətdən səmərəli investisiyalar üçün zəruri əsas şərtlərin müəyyən edilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Vurğulanıb ki, bu əməkdaşlıq xüsusilə bərpaolunan enerji layihələrinə, o cümlədən günəş elektrik stansiyaları və külək elektrik stansiyalarına yönələcək.

Məlumatda daha sonra bildirilir: “Əməkdaşlıq çərçivəsində BOEMDA, Azərbaycanın müvafiq enerji qurumları və ENNA nümayəndələrindən ibarət Birgə Rəhbər Komitəsinin yaradılması nəzərdə tutulur. Bu komitə memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirəcək, nəzarət edəcək və qərarları qarşılıqlı razılıq əsasında qəbul edəcək.

Anlaşma memorandumu “ENNA Group”un enerji bölməsinin beynəlxalq genişlənməsində mühüm addım olmaqla yanaşı, şirkətin xarici bazarlardakı mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətli mərhələ hesab olunur. Sənədin imzalanması ilə ENNA Azərbaycanın bərpaolunan enerji layihələrinə potensial investisiyalara gətirib çıxara biləcək əməkdaşlıq çərçivəsini əldə edən ilk Xorvatiya şirkəti və ilk Avropa şirkətlərindən biri olub. Bu investisiyalar əlavə qiymətləndirmələr və müvafiq təsdiqlərdən asılı olacaq”.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib ki, Xorvatiyanın “Energia Naturalis d.o.o” şirkəti ilə imzalanmış anlaşma memorandumu ilə bərpaolunan enerji sahəsində mümkün əməkdaşlıqla bağlı təhlillərin aparılması və mümkün layihə istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur: “Bu, Xorvatiyanın kifayət qədər nüfuzlu və geniş portfelə malik olan şirkətidir. O, yalnız bərpaolunan enerji sahəsində fəaliyyət göstərmir. Ona görə də belə hesab edirik ki, bizim istər bərpaolunan enerji mənbələrinin ərazilərinin Azərbaycanda diversifikasiyası, istər işlədiyimiz şirkətlərin coğrafiyasının diversifikasiyası ciddi rəqabət yaratmağa və son nəticədə ölkəmiz üçün ən sərfəli kommersiya şərtlərinə nail olmağa dəstək verəcək”.

“ENNA Group”un baş icraçı direktoru Boştjan Napast isə deyib: “Anlaşma memorandumu ENNA Group üçün beynəlxalq bazarlarda irəliyə doğru böyük addımdır və uzunmüddətli, keyfiyyətli tərəfdaşlıqlar vasitəsilə enerji keçidinə töhfə vermək ambisiyamızı təsdiqləyir. Azərbaycanda bərpaolunan enerji layihələrində iştirak imkanları nadir və strateji əhəmiyyətə malikdir. Etibarlı tərəfdaş kimi tanınmağımızdan qürur duyuruq və Energetika Nazirliyi ilə birlikdə dayanıqlı və kommersiya baxımından əsaslandırılmış layihələrin potensialını qiymətləndirməyi səbirsizliklə gözləyirik”.

Yeri gəlmişkən, Azərbaycanla Xorvatiya arasında iqtisadi əməkdaşlıq, xüsusilə energetika, ticarət və investisiya sahələrində fəal şəkildə inkişaf edir. 2015-ci ildə imzalanmış hökumətlərarası sazişə əsasən fəaliyyət göstərən birgə iqtisadi komissiya əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. Tərəflər birgə layihələrin icrası və enerji təhlükəsizliyi məsələlərində əməkdaşlığı gücləndirməyi hədəfləyirlər.

İki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən birini də energetika sahəsi təşkil edir. Hazırda Xorvatiya Azərbaycan neft və qazının Avropaya nəqlində, xüsusilə Xəzər-Adriatik enerji dəhlizi çərçivəsində potensial tərəfdaşdır. Karbohidrogenlərin ixracına gəldikdə isə, Xorvatiya uzun illərdir ki, ölkəmizdən neft alır. 2025-ci ildə Azərbaycan bu Avropa ölkəsinə 666 milyon 587 min ABŞ dolları dəyərində 1 milyon 255 min tondan çox xam neft ixrac edib. Bu da ölkəmizin ümumi neft ixracının 5,4 faizi deməkdir.

2024-cü il sentyabrın 1-dən isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım sayılan bu hadisə SOCAR-ın Avropa daxili bazarları üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə öhdəliyinə sadiqliyini nümayiş etdirməklə qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət göstərir.

Mirbağır YAQUBZADƏ
XQNeft

İqtisadiyyat