Azərbaycan–İndoneziya enerji əməkdaşlığı

post-img

Dünən energetika naziri Pərviz Şahbazovla İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi arasında görüş keçirilib.

Söhbət zamanı Azərbaycanla İndoneziyanın enerji sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib. Bu aspektdə enerji təhlükəsizliyi, bərpaolunan enerji və dayanıqlı inkişaf, eləcə də enerji sektorunda biznes və investisiyaların təşviqi istiqamətlərində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Enerji təhlükəsizliyi çərçivəsində Azərbaycandan İndoneziyaya xam neft tədarükünün davam etdirilməsi, neft-qaz sahəsində birgə kəşfiyyat və hasilat layihələrində iştirak, həmçinin neft məhsulları və neft-qaz emalı sahələrində SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib. Hər iki ölkənin bərpaolunan enerji resurslarının inkişafı üçün mühüm potensiala malik olduğu vurğulanıb, külək və günəş enerjisi layihələri, tullantıdan enerji istehsalı texnologiyalarının tətbiqi, eləcə də biokütlə əsaslı enerji istehsalı üzrə əməkdaşlıq imkanları qeyd edilib.

Görüşdə enerji sektorunda dövlət qurumları ilə yanaşı, özəl sektorun da əməkdaşlıq prosesinə fəal şəkildə cəlb edilməsinin vacibliyi də vurğulanıb. Enerji sahəsində işçi qrupunun ilk iclasının yaxın vaxtlarda keçirilməsi razılaşdırılıb.

XQ

İqtisadiyyat