bp şirkəti işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində həyata keçirilən “Şəfəq” günəş enerjisi layihəsindəki iştirak payının 10 faizlik hissəsini Macarıstanın “MVM Energetika Zrt.” (MVM) şirkətinə satıb.
Yeni sövdələşmə şirkətin mühüm “yaşıl” enerji layihəsini maliyyələşdirən birgə müəssisədəki tərəfdaşlığının daha da gücləndirilməsinə imkan yaradacaq. Ümumilkdə isə, “Şəfəq” layihəsində bp (40,01 faiz), “SOCAR Green” (39,99 faiz), ABİF (10 faiz) və MVM-ə (10 faiz) iştirak payı əldə ediblər.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bununla bağlı deyib: “Şahdəniz” layihəsindəki uğurlu əməkdaşlığımızın davamı olaraq MVM şirkətinin Şəfəq günəş enerjisi layihəsi üzrə birgə müəssisəyə qoşulmasından çox məmnunuq. MVM bu layihəyə enerji sistemlərinin istismarı və ötürülməsinin idarə edilməsi sahəsində öz geniş təcrübəsi ilə gəlir. İnanırıq ki, onların bu birgə müəssisəyə qoşulması ilə elə bir əməkdaşlıq nümunəsi yaranır ki, orada biz layihənin ümumi dəyərini, dayanıqlılığını və uzunmüddətli fəaliyyətini daha da artırmaq məqsədilə bir-birimizdən öyrənə bilərik.”
Yeri gəlmişkən, “Şəfəq” yaşıl enerji layihəsi 2025-ci ildə yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Ötən müddətdə layihə üzrə əsas müqavilələr imzalanıb, tikinti işləri artıq başlayıb və panellərin ölkəyə gətirilməsi qrafikə uyğun davam edir. Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir. Belə ki, işlərin pik dövründə layihə çərçivəsində 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir. Tikinti işlərinin isə 2027-ci ildə başa çatması planlaşdırılır.
Qeyd edək ki, 240 meqavat gücündə olan bu günəş enerjisi layihəsinin ildə, təxminən, 500 giqavat-saat bərpa olunan enerji istehsal edəcəyi və bununla Səngəçal terminalının elektrikləşdirilməsi layihəsinə dəstək verəcəyi gözlənilir.
XQ

