Regionda iqtisadi inteqrasiyanın dərinləşməsi, ticarət və logistika əlaqələrinin genişlənməsi, eləcə də ölkəmizin beynəlxalq nəqliyyat mərkəzi kimi rolunun daha da möhkəmlənməsi baxımından müstəsna əhəmiyyət daşıyan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi artıq real fəaliyyət sahəsinə çevrilir. Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə rəsmi səfəri çərçivəsində fevralın 10-da Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nda bu sülh və tərəqqi təşəbbüsü ilə bağlı konkret müddəalar yer alıb.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə müstəsna töhfə verəcək bu tarixi sənədin regional bağlantılar bölməsində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatlarının Trans-Xəzər Nəqliyyat Dəhlizini əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətində olduqları vurğulanır.
Qeyd olunur ki, tərəflər 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər. Sənəddə, Azərbaycan və ABŞ-ın Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək niyyətində olduqları da bildirilir.
Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanata zamanı Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri olan TRIPP layihəsini nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizi kimi dəyərləndirib. Dövlətimizin başçısı, həmçinin TRIPP layihəsinin regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacağını bəyan edib.
ABŞ-ın Vitse-prezident Ceyms Devid Vensin bəyanatında səsləndirilən fikirlər də TRIPP-in gələcəyi ilə bağlı nikbinliyi xeyli dərəcədə artırır. Azərbaycanın iki hissəsini birləşdirəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu ilə bağlı gələn ilk şəxs olduğundan məmnunluğunu ifadə edən Vitse-prezident ölkəsinin Azərbaycan ilə Ermənistan arasında həqiqətən inanılmaz sülh sazişinin dayanıqlı olmasını mümkün edəcək iqtisadi, təbii sərvətlər, əsas minerallarla bağlı əməkdaşlığın qurulmasına ümid etdiyini vurğulayıb.
Ümumilikdə isə, ABŞ-ın Vitse-prezidentinin regiona səfəri Cənubi Qafqazda sülhün və tərəqqinin təmin olunmasına mühüm töhvə verməklə yanaşı, TRIPP marşrutunun reallaşdırılması istiqamətində də mühüm addım kimi dəyərləndirilə bilər. Təsadüfi deyil ki, ABŞ-ın nüfuzlu “Forbes” nəşrində dərc olunmuş məqalədə Vensin İrəvan və Bakıya səfərinin Ermənistan vasitəsilə Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək strateji tranzit dəhlizinin – “Beynəlxalq sülh və firavan həyat naminə Tramp Marşrutu”nun inkişafını sürətləndirmək məqsədi daşıdığı vurğulanır.
Məqalədə ölkəmizin Avrasiyanın geosiyasi baxımdan yenidən qurulmasında açar rolu oynadığı qeyd edilərək Rusiyanın əvvəlki təsir rıçaqlarını itirdiyi, ABŞ və digər qlobal oyunçuların isə iqtisadi əməkdaşlıq, infrastruktur layihələri və diplomatik təşəbbüslər vasitəsilə öz mövcudluğunu gücləndirmək şansı qazandığı Avrasiyadakı kritik geosiyasi yenidənqurma fonunda Azərbaycanın ön plana çıxaraq Avrasiya və Hind-Sakit okean regionu arasında strateji körpüyə çevrildiyi diqqətə çatdırılır.
Göründüyü kimi, Cənubi Qafqazın investisiya cəlbediciliyinin artırılmasına mühüm töhfələr verəcək TRIPP marşrutu (Zəngəzur dəhlizi) Mərkəzi Asiya və region ölkələrinin Avropa bazarına çıxış imkanlarını genişləndirməklə yanaşı, Azərbaycan üçün mühüm perspektivlər vəd edir. Belə ki, layihənin real fəaliyyət sahəsinə çevrilməsi ölkəmizin iqtisadi-investisiya cəlbediciliyini artıracaq, onun beynəlxalq logistika mərkəzi kimi rolunu əhəmiyyətli dərəcədə artıracaq.
Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert
TRIPP layihəsinin aktuallaşması təsadüfi proses kimi qiymətləndirilə bilməz. Bu layihənin geosiyasi çəkisi xüsusilə Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri və Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdardır.
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələyə keçidi ifadə edən bu Xartiya təkcə siyasi dialoqun genişlənməsi demək deyil. Sənəd, həm də enerji təhlükəsizliyi, regional bağlantılar, rəqəmsal infrastruktur, ticarət və nəqliyyat dəhlizləri kimi istiqamətləri prioritet elan edir. TRİPP layihəsi isə məhz bu istiqamətlərin kəsişmə nöqtəsində dayanır.
Azərbaycanın əsas ərazisindən Naxçıvana uzanan nəqliyyat və enerji bağlantıları regional sabitliyin mühüm elementi kimi təqdim olunur. ABŞ uzun illərdir Cənubi Qafqazda kommunikasiyaların açılmasını, iqtisadi inteqrasiyanın dərinləşməsini və enerji marşrutlarının şaxələndirilməsini dəstəkləyir. TRIPP bu baxımdan həm enerji təhlükəsizliyi, həm də Orta Dəhlizin genişlənməsi baxımından Vaşinqtonun strateji baxışları ilə üst-üstə düşür. Xüsusilə enerji komponenti diqqət çəkir. Elektrik xətləri və qaz kəmərləri Naxçıvanın enerji asılılığını azaldır, eyni zamanda, regionda yeni paylayıcı qovşaq formalaşdırır. ABŞ üçün Avropanın enerji təhlükəsizliyi prioritet istiqamətlərdən biridir. Azərbaycanın tranzit və istehsal imkanlarının genişlənməsi isə Qərb bazarları üçün əlavə təminat deməkdir.
Nəqliyyat aspekti də eyni dərəcədə əhəmiyyətlidir. Maneəsiz hərəkət rejimi, yüksək texnologiyalarla idarə olunan keçid mexanizmləri və rəqəmsallaşdırılmış logistika sistemləri ABŞ şirkətləri üçün investisiya və texnoloji əməkdaşlıq imkanları yaradır. Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində infrastrukturun modernləşdirilməsi, kibertəhlükəsizlik və rəqəmsal həllərin tətbiqi sahəsində əməkdaşlıq perspektivləri məhz bu layihə ilə real platforma qazanır.
TRIPP, eyni zamanda, siyasi baxımdan da önəmlidir. Layihə regionda qarşılıqlı asılılığı artıraraq sabitlik üçün iqtisadi zəmin yaradır. ABŞ-ın Cənubi Qafqaz siyasətində əsas xətt məhz iqtisadi inteqrasiyanın təhlükəsizlik mühitinə müsbət təsir göstərməsidir. Ermənistanın da gələcəkdə bu marşrutdan faydalana bilməsi regional əməkdaşlıq modelini gücləndirə bilər.
Beləliklə, J. D. Vensin səfəri və imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası TRIPP layihəsinə əlavə siyasi legitimlik və beynəlxalq diqqət qazandırır. Bu təşəbbüs artıq təkcə daxili kommunikasiya layihəsi kimi deyil, ABŞ-Azərbaycan strateji əməkdaşlığının praktiki müstəviyə keçidini simvolizə edən regional platforma kimi dəyərləndirilə bilər.
Mirbağır YAQUBZADƏ
XQ


