Milli dövlətin süni intellekt siyasəti

post-img

Azərbaycan və ABŞ bu sahədə də əməkdaşlıq edəcək

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri və səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması olduqca əlamətdar hadisədir. Bu addım rəsmi Bakının son illərdə həyata keçirdiyi xarici siyasət kursunda mühüm mərhələlərdən birini təşkil edir və Azərbaycan–ABŞ münasibətlərinin yeni, daha sistemli əməkdaşlıq mərhələsinə keçdiyini göstərir.

Sənədin imzalanması, ilk növbədə, tərəflər arasında siyasi dialoqun daha da dərinləşdirilməsinə, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsinə, təhlükəsizlik və regional sabitlik məsələlərində koordinasiyanın artırılmasına xidmət edir. Eyni zamanda, bu proses Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və geosiyasi əhəmiyyətinin daha bir təsdiqi kimi də dəyərləndirilir.

Bu səfər və imzalanan Xartiya bir daha göstərir ki, Azərbaycan balanslı və çoxşaxəli xarici siyasət xəttini davam etdirərək strateji tərəfdaşlar şəbəkəsini genişləndirir. Beləliklə, Azərbaycan strateji tərəfdaşlıq siyasətinə daha bir qlobal gücü daxil etmiş olur ki, bu da ölkənin uzunmüddətli milli maraqlarının təmin edilməsi, iqtisadi imkanlarının genişləndirilməsi və regional proseslərdə rolunun güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev ABŞ rəsmisi ilə mətbuata bəyanatla çıxışında bildirib ki, imzalanan Xartiyada əməkdaşlığın müxtəlif istiqamətləri əks olunur: “Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var”.

Dövlət başçısının da qeyd etdiyi kimi, artıq Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək. Bu məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da da öz əksini tapıb. Sənəd çərçivəsində tərəflər AI tərəfdaşlıqlarının inkişafını, rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində layihələri təşviq etməyi planlaşdırırlar. Həmçinin Tədqiqat və İnkişaf (R&D) platformaları, innovasiya körpü proqramları və kibertəhlükəsizlik təşəbbüsləri həyata keçiriləcək. Bu əməkdaşlıq ölkədə texnoloji istedadların inkişafını və transsərhəd rəqəmsal bağlantıların gücləndirilməsini dəstəkləyəcək.

Xartiyanın II bölməsində iqtisadi sərmayələr, AI və rəqəmsal infrastruktur bloku ayrıca yer alıb. Sənəddə AI tərəfdaşlıqları, özəl sektorla birlikdə AI data mərkəzlərinin inkişafının təşviqi, R&D dəstək alətləri, innovasiya körpüləri, kibertəhlükəsizlik təşəbbüsləri, texnoloji istedad və bacarıqlı işçi qüvvəsinin artırılması, transsərhəd (o cümlədən Transxəzər) rəqəmsal bağlantılara sərmayə kimi prioritetlər sadalanır.

Qeyd edək ki, bugünlərdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət Palatasının vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. görüşdə “Apple”, “Mastercard”, “Visa”, “Ericsson”, “Motorola Solutions”, “Honeywell”, “Parallel Wireless”, “Meta”, “Resecurity”, “Global Data Risk”, “WhiteFox Defense Technologies”, “bp”, “Lummus Technology” və digər aparıcı ABŞ şirkətlərinin rəhbər və nümayəndələri iştirak edib. Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Məlum olduğu kimi, Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını genişləndirməyə xüsusi diqqət ayırır. Rəsmi Bakı bu istiqaməti həm iqtisadi inkişaf, həm də dövlət idarəçiliyinin modernləşdirilməsi baxımından prioritet hesab edir. Süni intellektin tətbiqi dövlət xidmətlərinin daha çevik təşkili, biznes mühitinin rəqəmsallaşdırılması və innovasiya əsaslı iqtisadiyyatın qurulması üçün mühüm rol kimi qiymətləndirilir.

Azərbaycanda süni intellektin inkişafı artıq dövlət siyasəti səviyyəsində davam edir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam bu sahədə uzunmüddətli hədəfləri və icra mexanizmlərini müəyyənləşdirir. Sərəncamda süni intellektin inkişafının sürətləndirilməsi, tədqiqatların təşviqi, infrastrukturun əlçatanlığının təmin olunması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və ixtisaslı kadr potensialının gücləndirilməsi əsas məqsədlər kimi göstərilir.

Azərbaycanın süni intellekt sahəsində hədəfləri təkcə daxili inkişafla yekunlaşmır. Rəsmi Bakı bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır. Bu istiqamətdə ABŞ-la strateji tərəfdaşlıq çərçivəsində nəzərdə tutulan AI əməkdaşlığı xüsusi yer tutur. Eyni zamanda, Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində digər ölkələr və beynəlxalq texnoloji platformalarla da əməkdaşlıq əlaqələrini genişləndirir.

Ekspertlərin fikrincə, süni intellekt sahəsində xarici tərəfdaşlıq Azərbaycan üçün bir neçə istiqamətdə mühüm üstünlüklər yarada bilər. Buraya texnologiya transferi, data mərkəzlərinin yaradılması, hesablama infrastrukturu, startap ekosisteminin inkişafı, kadr hazırlığı, elmi-tədqiqat mühitinin gücləndirilməsi və kibertəhlükəsizlik imkanlarının artırılması daxildir. Bu yanaşma Azərbaycanın regionda rəqəmsal iqtisadiyyat və texnoloji innovasiya mərkəzi kimi mövqeyini gücləndirə bilər.

Beləliklə, süni intellekt sahəsində əməkdaşlıq həm Azərbaycan–ABŞ strateji tərəfdaşlığının, həm də Azərbaycanın ümumi inkişaf modelinin yeni prioritetlərindən biri kimi formalaşır. Dövlətin qəbul etdiyi Strategiya və beynəlxalq tərəfdaşlıq gündəliyi göstərir ki, yaxın illərdə Azərbaycanda süni intellektin tətbiqi və bu sahədə beynəlxalq əməkdaşlıq daha geniş miqyas alacaq.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat