Təmiz enerji istehsalı bölgənin dirçəlişində və tərəqqisində önəmli rol oynayacaq
İşğaldan azad edilmiş ərazilər Azərbaycanın iqtisadi gələcəyinə dair yeni baxışların formalaşdığı əsas məkana çevrilməkdədir. Postmünaqişə dövründə bu regionların bərpası təkcə fiziki infrastrukturun yenidən qurulması deyil, eyni zamanda, tamamilə yeni iqtisadi modelin tətbiqi anlamına gəlir. Bu modelin mərkəzində isə “yaşıl enerji” dayanır.
Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi mövqeləndirilməsi texniki baxımdan əsaslandırılmış qərar olsa da, məsələ təkcə günəş panelləri və külək stansiyalarının quraşdırılması ilə məhdudlaşmır. Əsas çağırış texnoloji potensialdan iqtisadi idarəetmə mərhələsinə keçidin təmin olunmasıdır. Bu mənada “yaşıl enerji” artıq sadəcə texniki layihə deyil – iqtisadi institutdur və onun uğuru institusional keyfiyyətdən asılıdır.
Azad edilmiş ərazilərin bərpası prosesi Azərbaycanda son illərin ən irimiqyaslı dövlət investisiya proqramlarından birinə çevrilib. Bu regionlara yönəldilən daxili investisiyalar təkcə dağıdılmış infrastrukturun bərpasını deyil, eyni zamanda, yeni iqtisadi modelin – xüsusilə “yaşıl enerji” əsaslı inkişaf strategiyasının formalaşdırılmasını hədəfləyir. Son 5 il ərzində azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 22 milyard manatdan artıq vəsait ayrılıb. Bu isə orta hesabla ildə, təxminən, 4–4,5 milyard manat daxili investisiya deməkdir. Dövlət başçısı İlham Əliyev bu vəsaitlərin əhəmiyyətini dəfələrlə vurğulayaraq bildirib ki, söhbət yalnız bərpa işlərindən deyil, gələcək onilliklər üçün iqtisadi baza yaradan strateji yatırımlardan gedir.
Hazırkı mərhələdə “yaşıl enerji” layihələrinin rəsmi təqdimatı əsasən texniki göstəricilərə – quraşdırma gücünə, istehsal potensialına və enerji balansına töhfəsinə fokuslanır. Bu yanaşma layihələrin ilkin mərhələsi üçün tamamilə əsaslandırılmışdır və beynəlxalq təcrübədə də geniş tətbiq olunur. Çünki bərpaolunan enerji sektorunun formalaşmasının başlanğıc mərhələsində əsas prioritet texniki imkanların yaradılması və sistemin dayanıqlı işləməsinin təmin edilməsidir.
Avropa İttifaqı ölkələrində, ABŞ-da və bir sıra Asiya dövlətlərində “yaşıl enerji” layihələri təkcə enerji siyasətinin aləti deyil, eyni zamanda, regional inkişaf və fiskal dayanıqlılıq mexanizmi kimi qiymətləndirilir. Bu ölkələrdə layihələrin texniki göstəriciləri ilə yanaşı, onların iqtisadi təsirini ölçən modellər də tətbiq olunur və bu nəticələr gələcək investisiya qərarlarının formalaşmasında mühüm rol oynayır.
Azad edilmiş ərazilərimizdə “yaşıl enerji” layihələrinin həyata keçirilməsi bu baxımdan xüsusi imkanlar yaradır. Layihələr sıfırdan qurulduğu üçün texniki və iqtisadi meyarların paralel şəkildə formalaşdırılması mümkündür. Bu isə “yaşıl enerji”nin yalnız enerji istehsalı mənbəyi kimi deyil, yerli dəyər yaradan, iqtisadi aktivliyi stimullaşdıran və uzunmüddətli fiskal potensial formalaşdıran institusional mexanizm kimi inkişafına şərait yaradır.
Bu sahədəki layihələrdə kapital-investisiya tutumluluğu baxımından da fərqli mənzərə mövcuddur. Günəş enerjisi layihələri nisbətən aşağı istismar xərcləri ilə seçilsə də, ilkin mərhələdə ciddi kapital qoyuluşu tələb edir. Külək enerjisi layihələrində relyef, logistika və şəbəkəyə qoşulma xərcləri investisiya risklərini artırır.
Hidroenerji layihələri isə daha uzunmüddətli geri dönüş dövrü ilə xarakterizə olunur və güclü institusional planlaşdırma tələb edir. Məhz bu nöqtədə əsas problem üzə çıxır: “yaşıl enerji” layihələri texniki layihə kimi sürətlə irəliləsə də, iqtisadi institut kimi hələ formalaşma mərhələsindədir. İnvestisiyaların həcmi böyükdür, potensial yüksəkdir, lakin iqtisadi nəticələrin ölçülməsi və idarəetmə mexanizmlərinin yetkinliyi bu potensialla adekvat deyil.
Beynəlxalq təcrübə göstərir ki, “yaşıl enerji” layihələrinin iqtisadi dəyərləndirilməsi təkcə quraşdırma gücü və istehsal həcmi ilə məhdudlaşmır. Qabaqcıl ölkələrdə bu layihələr uzunmüddətli investisiya kimi qiymətləndirilir və onların yaratdığı əlavə dəyər, fiskal töhfə və regional inkişaf effekti xüsusi göstəricilər əsasında ölçülür. Məhz bu yanaşma “yaşıl enerji”ni texniki layihədən iqtisadi inkişaf institutuna çevirən əsas amil hesab olunur.
Son onillikdə “yaşıl enerji” texnologiyalarının investisiya tutumluluğunda mühüm dəyişikliklər baş verib. “International Energy Agency”nin məlumatlarına görə, günəş enerjisi üzrə 1 meqavat quraşdırma gücünün orta kapital dəyəri 2010-cu illərin əvvəlləri ilə müqayisədə təxminən 60–70 faiz azalıb. Külək enerjisi sahəsində isə bu azalma 40–50 faiz civarındadır. Bu tendensiya texnoloji inkişaf, istehsal miqyasının genişlənməsi və təchizat zəncirlərinin optimallaşdırılması ilə əlaqələndirilir. Nəticədə “yaşıl enerji” layihələrinin giriş baryerləri xeyli zəifləyib.
Eyni zamanda, “yaşıl enerji” layihələrinin istismar mərhələsində maliyyə göstəriciləri daha sabit xarakter daşıyır. Dünya Bankının qiymətləndirmələrinə əsasən, günəş və külək enerjisi obyektlərinin əməliyyat və texniki xidmət xərcləri ənənəvi enerji mənbələri ilə müqayisədə orta hesabla 20–30 faiz daha aşağıdır. Bu, layihələrin uzunmüddətli maliyyə səmərəliliyini artırmaqla yanaşı, enerji qiymətlərinin proqnozlaşdırıla bilməsinə də şərait yaradır.
Beynəlxalq təcrübədə xüsusi diqqət yetirilən göstəricilərdən biri də “yaşıl enerji” investisiyalarının yaratdığı iqtisadi multiplikativ effektdir. Avropa ölkələrində aparılan hesablamalar göstərir ki, bərpaolunan enerji sektoruna yatırılan hər 1 avro investisiya orta hesabla 1,5–2 avro həcmində əlavə iqtisadi aktivlik formalaşdırır. Bu əlavə dəyər əsasən tikinti işləri, yerli material və xidmətlərin istifadəsi, logistika, mühəndislik və texniki xidmət sahələrində yaranır.
Məşğulluq göstəriciləri də “yaşıl enerji” layihələrinin sosial-iqtisadi əhəmiyyətini artıran mühüm amillərdəndir. “International Renewable Energy Agency” (IRENA) məlumatlarına görə, bərpaolunan enerji sektoru son illərdə dünyada ən sürətlə artan məşğulluq sahələrindən biridir. Qlobal miqyasda bu sektorda çalışanların sayı son on ildə təxminən iki dəfədən çox artıb. Xüsusilə regionlarda həyata keçirilən layihələr yerli kadrların hazırlanması və uzunmüddətli məşğulluğun təmin edilməsi baxımından effektiv hesab olunur.
Proqnozlara görə, “yaşıl enerji” obyektlərinin istismara verilməsi ilə azad edilmiş ərazilərdə iqtisadi dövriyyə tədricən genişlənəcək, daimi məşğulluq formalaşacaq və regionlara qayıdış prosesinin iqtisadi əsasları möhkəmlənəcək. Enerji təminatının stabil olması bu əraziləri yalnız yaşayış üçün deyil, istehsal və sahibkarlıq üçün də cəlbedici edəcək. Nəticədə bölgələr “bərpa olunan ərazi” statusundan çıxaraq fəal iqtisadi subyektə çevrilə bilər.
Ölkə miqyasında proqnoz isə daha genişdir. “Yaşıl enerji” layihələrinin azad edilmiş ərazilərdə cəmlənməsi Azərbaycanın ümumi enerji balansında struktur dəyişikliklərinə gətirib çıxara bilər. Orta və uzunmüddətli perspektivdə bərpaolunan mənbələrin payının artması enerji təhlükəsizliyini gücləndirəcək, enerji istehsalında riskləri azaldacaq və makroiqtisadi sabitliyə töhfə verəcək.
Azad edilmiş ərazilərdə “yaşıl enerji” layihələrinin uğurla və vaxtında həyata keçirilməsi təkcə texniki imkanlardan deyil, daha çox uyğun institusional və investisiya mühitinin formalaşdırılmasından asılıdır. Mövcud mərhələdə əsas çağırış bu layihələrin icrasını sürətləndirəcək, eyni zamanda, daxili və xarici investorlar üçün cəlbediciliyi artıracaq mexanizmlərin ardıcıl şəkildə tətbiq olunmasıdır.
İlk növbədə, “yaşıl enerji” sahəsində aydın və proqnozlaşdırılan qaydalar sistemi mühüm əhəmiyyət daşıyır. Beynəlxalq təcrübə göstərir ki, investorlar üçün əsas məsələ təkcə güzəştlərin mövcudluğu deyil, qaydaların uzunmüddətli sabitliyidir. Tarif formalaşması, şəbəkəyə qoşulma şərtləri və müqavilə öhdəlikləri əvvəlcədən aydın müəyyənləşdirildikdə layihələrin maliyyələşdirilməsi daha sürətli baş tutur. Bu baxımdan “yaşıl enerji” üzrə vahid və şəffaf tənzimləmə çərçivəsinin gücləndirilməsi icra tempinə birbaşa təsir göstərə bilər.
İkinci mühüm istiqamət investisiya təşviqlərinin hədəfli şəkildə tətbiqidir. “yaşıl enerji” layihələri üçün vergi və gömrük güzəştlərinin layihənin həyat dövrünə uyğun differensiallaşdırılması, xüsusilə ilkin mərhələdə kapital xərclərini azaldan mexanizmlərin genişləndirilməsi investor risklərini əhəmiyyətli dərəcədə aşağı sala bilər. Bu yanaşma təşviqləri fiskal yük kimi deyil, uzunmüddətli iqtisadi gəlir yaradan alət kimi dəyərləndirməyə imkan verir.
Xarici investisiyaların cəlbi baxımından dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin daha funksional hala gətirilməsi xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq investorlar üçün risklərin bölüşdürülməsi, gəlir mexanizmlərinin aydınlığı və müqavilə sabitliyi əsas qərar meyarlarıdır. Bu sahədə standartlaşdırılmış müqavilə modellərinin tətbiqi və institusional zəmanət mexanizmlərinin gücləndirilməsi layihələrin reallaşma müddətini qısalda bilər.
Eyni zamanda, “yaşıl enerji” layihələrinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutları və yaşıl fondlarla əməkdaşlığın genişləndirilməsi mühüm sürətləndirici amil ola bilər. Bu qurumların iştirakı təkcə əlavə maliyyə resursu deyil, həm də layihələrə beynəlxalq etimad və reputasiya qazandırır. Bu isə öz növbəsində digər investorların cəlb olunmasını asanlaşdırır.
İnvestisiya cəlbediciliyinin artırılmasında daha bir vacib məqam layihələrin iqtisadi nəticələrinin əvvəlcədən ölçülməsi və təqdim edilməsidir. Potensial investorlar üçün layihənin texniki gücü ilə yanaşı, onun əlavə dəyər yaratma potensialı, büdcəyə töhfəsi və uzunmüddətli gəlirliliyi barədə aydın təsəvvürün formalaşdırılması mühüm rol oynayır. Bu baxımdan, “yaşıl enerji” layihələri üzrə iqtisadi təsir qiymətləndirmələrinin genişləndirilməsi investisiya qərarlarını sürətləndirə bilər.
Nəhayət, institusional baxımdan “yaşıl enerji” layihələrinin icrasına cavabdeh olan strukturlar arasında koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qərarların operativ qəbulu, icazə prosedurlarının sadələşdirilməsi və “vahid pəncərə” prinsipinin geniş tətbiqi layihələrin reallaşma müddətini əhəmiyyətli dərəcədə qısalda bilər.
Beləliklə, “yaşıl enerji” layihələrinin həyata keçirilməsinin sürətləndirilməsi yalnız əlavə maliyyə resursları ilə deyil, daha ağıllı idarəetmə, məqsədyönlü təşviqlər və etibarlı investisiya mühiti ilə mümkündür. Bu tədbirlərin ardıcıl tətbiqi azad edilmiş əraziləri “yaşıl enerji” üzrə regional cazibə mərkəzinə, ümumilikdə isə Azərbaycanın beynəlxalq yaşıl investisiya xəritəsində daha görünən mövqeyə çıxmasına şərait yarada bilər.
Yaşar MƏMMƏDOV,
ETN İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru

