Ölkəmizdə Birləşmiş Ştatların 200-dən çox şirkəti fəaliyyət göstərir
Ötən il ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlməsi qlobal düzəndə, eləcə də ABŞ–Azərbaycan münasibətlərində ciddi dəyişikliklərə səbəb olub. Son bir ildə Vaşinqton və Bakı arasında təmaslar tarixdə ilk dəfə bu qədər intensiv və müsbət məcrada inkişaf edib. Təkcə onu demək kifayətdir ki, bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında bir neçə dəfə görüş keçirilib.
Bu mərhələ siyasi münasibətlərin möhkəmlənməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın daha da aktuallaşması baxımından da xüsusi əhəmiyyət daşıyır. ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri ərəfəsində ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Bakıya gələrək Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də bu kontekstdə qiymətləndirilə bilər.
Fevralın 9-da dövlət başçısı ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa” və digər nüfuzlu şirkətlərin rəhbərləri daxildir. Ümumilikdə 31 şirkətdən 60 nəfər Azərbaycana səfər edib.
Qeyd edək ki, ABŞ ölkəmizdə sərmayə həcminə görə ikinci aparıcı investor mövqeyindədir. Hazırda Azərbaycanda ABŞ kapitallı 200-dən çox şirkət fəaliyyət göstərir ki, bu da iqtisadi əməkdaşlığın miqyasını aydın şəkildə göstərir.
Son illər iki ölkə arasında iqtisadi münasibətlər çərçivəsində əsaslı irəliləyiş mövcuddur. 2023-cü ildə idxal 888,1 milyon dollara çatıb, ixrac 16 milyon dollar səviyyəsində qeydə alınıb və ümumi dövriyyə 904,1 milyon dollar təşkil edib. 2024-cü ildə ticarət əlaqələrində ciddi artım müşahidə olunub: idxal 1 milyard 617,93 milyon dollara, ixrac 135,03 milyon dollara yüksəlib, dövriyyə isə 1 milyard 752,96 milyon dollara çatıb. 2025-ci ildə ticarət dövriyyəsi 1 milyard 556 milyon dollar olub.
Dövlət başçısı İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə bildirdi ki, iqtisadiyyatı şaxələndirmək qarşıya qoyulan hədəflərdən biridir: “Biz yaxşı nəticələr görürük. Mən indicə bu ilin yanvarının statistikasına baxdım, bizim qeyri-neft və qaz sənayemiz demək olar ki, 8 faiz artıb. Bu, həmin şaxələndirmə sayəsində mümkün olub. Beləliklə, ənənəvi enerji mənbələri ilə bağlı müqavilələr və əməkdaşlıq bizə vəsait toplamaq və yenidən investisiya yatırmaq imkanı verir”.
Qeyd edək ki, Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişafını iqtisadi siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib və xarici sərmayədarları ölkədə biznes qurmağa, istehsal yaratmağa və yeni texnologiyalar gətirməyə dəvət edir. Bu yanaşmanın ən konkret və praktik nümunələrindən biri sənaye parkları və sənaye məhəllələridir. Dövlət tərəfindən infrastrukturla təmin olunan bu zonalar həm yerli, həm də xarici investorlar üçün daha əlverişli biznes mühiti yaradır, istehsalın genişlənməsinə və ixrac potensialının artmasına xidmət edir.
Bu istiqamətdə xarici sərmayədarların, xüsusilə də ABŞ şirkətlərinin iştirakı ayrıca əhəmiyyət daşıyır. İndiyədək ABŞ şirkətləri Azərbaycanın enerji sektorunda daha önəmli rol oynayıb. Lakin hazırkı mərhələdə əməkdaşlıq imkanları daha geniş sahəyə yayılır. ABŞ biznesi qeyri-neft-qaz sənayesində də Azərbaycan üçün faydalı tərəfdaş ola bilər. Çünki ABŞ şirkətləri yüksək texnologiyalar, sənaye innovasiyası, rəqəmsal həllər, logistika və idarəetmə standartları baxımından dünyada qabaqcıl təcrübəyə malikdir.
Sənaye parkları çərçivəsində ABŞ şirkətlərinin potensial maraq göstərə biləcəyi sahələr kifayət qədər genişdir. Buraya maşınqayırma, avadanlıq istehsalı, kimya sənayesi, qida sənayesi, qablaşdırma, əczaçılıq, tibbi avadanlıqlar, elektronika, rəqəmsal infrastruktur və süni intellekt əsaslı həllər daxildir. Eyni zamanda, bərpa olunan enerji və enerji səmərəliliyi sahələri də yeni əməkdaşlıq istiqamətləri sırasında xüsusi yer tutur.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu da bu əməkdaşlıq üçün əlavə stimul ola bilər. Ölkənin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşməsi, tranzit imkanlarının genişlənməsi, liman və dəmir yolu infrastrukturunun inkişafı ABŞ şirkətlərini regiona cəlb etmək baxımından müsbət amildir.
Zahid MƏMMƏDOV,
iqtisad elmləri doktoru, professor
Azərbaycan–Amerika iqtisadi əlaqələri, ümumilikdə, strateji, enerji tərəfdaşlığı, ticarət, universitetlərarası əməkdaşlıq, elmi tədqiqatlar və yeni texnologiyalar modeli üzərində formalaşıb. Bu münasibətlərin inkişafı həm siyasi, həm də iqtisadi amillərlə bağlıdır.
Azərbaycan ABŞ üçün Cənubi Qafqaz regionunda ən mühüm tərəfdaşlardan biri hesab olunur. İki ölkə arasında iqtisadi əməkdaşlığın institusional əsasları uzun illər əvvəl qoyulub və bu baza qarşılıqlı investisiya təşviqi, biznes mühitinin genişləndirilməsi, eləcə də birgə layihələrin dəstəklənməsi istiqamətində inkişaf edib.
Əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Xüsusilə Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycan regional enerji layihələrində mühüm rol oynayır. ABŞ və Azərbaycan bu çərçivədə Avropaya enerji tədarükünün şaxələndirilməsi, regional enerji əməkdaşlığının gücləndirilməsi və enerji infrastrukturunun inkişafı istiqamətində paralel maraqlara malikdir. ABŞ şirkətləri Azərbaycanın müxtəlif sektorlarında, o cümlədən enerji və qeyri-neft sahələrində fəaliyyət göstərir.
Son illərdə əməkdaşlıq daha geniş sahələri əhatə etməyə başlayıb. Xüsusilə müasir dövrdə logistika, tranzit və regional nəqliyyat dəhlizləri, rəqəmsal infrastrukturun inkişafı, innovasiya ekosisteminin formalaşdırılması, eləcə də texnologiyayönümlü layihələr iki ölkə arasında əlaqələrin yeni mərhələsini müəyyənləşdirir.
Nəticə etibarilə, Azərbaycan–Amerika iqtisadi münasibətləri yalnız enerji və ticarət müstəvisində deyil, eyni zamanda, nəqliyyat, rəqəmsallaşma, innovasiya və təhsil kimi sahələrdə də genişlənərək daha çoxşaxəli strateji tərəfdaşlıq formatına çevrilir.
Musa BAĞIRLI
XQ


