Əbu-Dabidə 18-ci Dünya Gələcək Enerji Sammiti işinə başlayıb

post-img

Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində “Masdar” şirkətinin təşkilatçılığı ilə 18-ci Dünya Gələcək Enerji Sammiti işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində 700-dən çox qlobal brend, dinamik “Greenhouse” startap zonası, “Fuse AI” təmiz texnologiya pavilyonu və “Greenpeace Cinema”nın debütü təqdim edilib.

Gün ərzində investisiya, təmiz enerjinin qəbulu və əməkdaşlıq mövzularına həsr olunmuş bir sıra mühüm panel müzakirələri keçirilib.

Sammitin birinci günündə keçirilən müzakirələr zamanı, həmçinin tənzimləyici çərçivələrin yetkinliyi, güclü büdcələrlə dəstəklənən möhkəm alış və təchizat müqavilələrinə ehtiyac, eləcə də sənaye sektorunda bərpaolunan enerji həllərinin daha cəlbedici və rəqabətqabiliyyətli olması üçün enerji alış müqavilələrinin müddətinin uzadılmasının əhəmiyyəti kimi çağırışlar ön plana çıxarılıb.

Yanvarın 15-dək davam edəcək tədbir ərzində iştirakçılar 300-dən çox sənaye mütəxəssisi tərəfindən keçirilən konfranslarda iştirak etmək, qabaqcıl məhsul və həlləri nümayiş etdirən doqquz sərgi salonu ilə tanış olmaq imkanı əldə edəcəklər.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri



















İqtisadiyyat