Bakı mikromobillik şəhərinə çevrilir

post-img

“Euronews” telekanalı Azərbaycanın paytaxtı Bakının mikromobillikyönümlü şəhərə çevrilməsinə həsr olunmuş, şəhər mühitinin innovasiyası üzrə atılan addımları nəzərdən keçirən reportaj hazırlayıb. 

Materialda xüsusilə vurğulanıb ki, son illərdə genişmiqyaslı şəhər dəyişiklikləri müşahidə edilir. Telekanal Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin nəqliyyat planlanması departamentinin rəhbəri Fuad Cəfərlinin sözlərini sitat gətirərək bildirib: “Başa düşürük ki, təkcə mikromobillik və piyada infrastrukturunun inkişafı kifayət deyil. Bizim əsas ideyamız ictimai nəqliyyat sistemini modernləşdirmək və onu şəxsi avtomobili olmayan insanlar üçün daha əlçatan etməkdir. Bununla onlar təyinat yerinə rahat çata bilərlər”. 

Departament rəhbərinin sözlərinə görə, hökumət avtobusların fəaliyyət sistemini təkmilləşdirməyi, onu daha təhlükəsiz və ekoloji cəhətdən təmiz etməyi, həmçinin hər il ­elektrik enerjisi və sıxılmış təbii qazla işləyən 400 yeni ekoloji avtobus əlavə etməyi planlaşdırır.

“Euronews” onu da vurğulayıb ki, növbəti il Bakının Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini nəzərə alaraq şəhərin mobilliyə yanaşması nəqliyyatın daha rahat və dayanıqlı şəhərlər yaratmaqda necə mərkəzi elementə çevrildiyini göstərir.

XQ

 

İqtisadiyyat