“Bahar” və “Qum-dəniz” yataqlarında qazma işləri sürətlənir

post-img

Azərbaycan Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Tresti ilə “Bahar Energy Operating Company” arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd iki şirkət arasında tərəfdaşlığın yaradılmasını nəzərdə tutur.

Memorandum çərçivəsində trestin geniş qazma və texniki təcrübəsinin Xəzərin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-dəniz” yataqlarında tətbiqi imkanları araşdırılacaq. Məlumata görə, “Bahar Energy Operating Company” ilə birgə icra olunacaq layihələr hər iki şirkətin strateji hədəflərinə çatmasına əhəmiyyətli töhfə verəcək.

Xatırladaq ki, bu ilin oktyabr ayında SOCAR və ABŞ-ın SLB şirkəti “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq barədə razılığa gəliblər. Razılaşma perspektivli hasilat zonalarının müəyyənləşdirilməsini, əhatəli çən parkının modelləşdirilməsinin hazırlanmasını, eləcə də erkən hasilat sxeminin həyata keçirilməsi üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini əhatə edir.

SOCAR-ın məlumatına görə, layihə şirkətin neft hasilatının artırılması və yetkin dəniz yataqlarının istismar müddətinin uzadılması üzrə uzunmüddətli strategiyasında mühüm yer tutur. Məlum olduğu kimi, SOCAR və “Bahar Energy Limited” şirkəti 2009-cu il dekabrın 22-də “Bahar” və “Qum-dəniz” yataqlar bloku üzrə kəşfiyyat, reabilitasiya, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş imzalayıblar. Sazişə əsasən, layihədə “Bahar Energy Limited” və SOCAR müvafiq olaraq 80 faiz və 20 faiz iştirak ediblər.

25 il müddətinə nəzərdə tutulmuş sazişin daha 5 il uzadılması mümkündür. İnvestisiya proqramının həcmi ilkin olaraq 1 milyard ABŞ dolları həcmində qiymətləndirilir və bütün maliyyələşdirmə tədbirləri “Bahar Energy Limited” tərəfindən həyata keçiriləcək. Müqavilə blokunda qazın qalıq ehtiyatları 25 milyard kubmetr olaraq qiymətləndirilir.

Müqavilə sahəsinin əhatə etdiyi “Qum dəniz” və “Bahar” yataqlarına gəldikdə isə, hər iki yataq ötən əsrin ortalarında Azərbaycan neftçilərinin gərgin əməyi sayəsində istismara daxil edilib. Bakı şəhərindən 21 kilometr cənub-şərq istiqamətində yerləşən “Qum dəniz” neft yatağında dərinlik 1-2 metrdən 15-14 metr intervalında dəyişir. 1961-ci ildə kəşf olunmuş və ölkənin enerji sektorunda mühüm strateji obyektlərdən sayılan bu yataq 120 kvadratkilometr sahəni əhatə edir. Burada, təxminən, 50 milyon ton neft və 300 milyard kubmetr qaz ehtiyatı var.

İşlənmənin əvvəlindən indiyədək “Qum dəniz” yatağında 500-ə yaxın quyu qazılıb. Ötən müddətdə buradan 29 milyon tondan artıq neft və 128 milyard kubmetrə yaxın qaz çıxarılıb. Bu göstəricilər yatağın iqtisadi dəyərini və Azərbaycanın enerji ixracında əhəmiyyətini təsdiqləyir. 2025-ci ildə isə “Qum adası” yatağından, təxminən, 27 min ton xam neft hasil ediləcəyi gözlənilir ki, bu da ötən ilin göstəricisi ilə eynidir. Bununla belə, qaz hasilatında artım müşahidə olunur. Proqnoza görə, cari il yataqdan, təxminən, 190,53 milyon kubmetr qaz hasil olunması gözlənilir ki, bu da 2024-cü ilə nisbətən 6,1 faiz artım deməkdir.

“Bahar” yatağı isə Bakı şəhərindən 40 kilometr cənub-şərqə doğru dənizdə yerləşir. Qaz-kondensat ehtiyatlarının zənginliyi ilə seçilən bu yataq 1968-ci il mart ayının 21-də kəşf olunub. 1969-cu ildən sənaye işlənməsinə daxil edilmiş “Bahar” yatağında indiyədək 200-dən artıq quyu qazılıb. Ötən müddətdə buradan təqribən, 13 milyon ton kondensat, 10-15 milyard kubmetr qaz hasil olunub.

“Bahar” yatağının 2025-ci il üzrə proqnozları da ümidvericidir. Bu il yataqdan, təxminən, 27 min ton xam neft hasil ediləcəyi gözlənilir. Eyni zamanda, il ərzində buradan, təxminən, 190,53 milyon kubmetr qaz hasilatı proqnozlaşdırılır ki, bu da 2024-cü ilə nisbətən 6 faiz çoxdur.

Yeri gəlmişkən, hazırda hər iki yataqda hasilat müasir texnologiyalar və ekoloji standartlara uyğun həyata keçirilir. Bu yanaşma həm hasilatın səmərəliliyini artırır, həm də Xəzər dənizinin təbii mühitinin qorunmasına şərait yaradır. Gələcəkdə isə hasilatın artırılması və yeni texnologiyaların tətbiqi ilə bu yataqların ölkə iqtisadiyyatına töhfəsi daha da səmərəli olacaq.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat