Müasir dövrdə qlobal iqtisadi sistemin çoxşaxəli və dinamik strukturu çərçivəsində əyləncə və oyun sənayesi özünəməxsus yer tutur. Bu sektorun ən önəmli sahələrindən biri olan kazino biznesi isə dünya miqyasında iqtisadi inkişafın müəyyən göstəricilərinə təsir göstərən mühüm fəaliyyət istiqamətləri sırasında xüsusi diqqət çəkir. Müxtəlif dövlətlərin iqtisadi siyasətlərində bəzən mübahisəli mövqe tutsa da, kazino biznesinin yaratdığı gəlirlər, iş yerləri və turizmə verdiyi töhfələr onu nəzərəçarpacaq dərəcədə əhəmiyyətli edir.
Statistikaya əsasən, dünya üzrə illik qumar və kazino gəlirlərinin ümumi həcmi 2024-cü ilin sonunda 450 milyard ABŞ dollarına yaxınlaşıb. ABŞ, Makao (Çin Xalq Respublikasının xüsusi inzibati bölgəsi), Sinqapur, Böyük Britaniya və Avstraliya kimi ölkələr bu sahədə liderlik edir. Ənənəvi fiziki kazinolarla yanaşı, rəqəmsal transformasiya bu sektoru da əhatələyib, onlayn kazino platformalarının sayı və əhatə dairəsi sürətlə artmağa başlayıb.
Hazırda yalnız Las Veqas və Makao deyil, həmçinin Filippin, Cənubi Koreya, Monako, Malta və Gürcüstan kimi ölkələr də kazino infrastrukturu vasitəsilə xarici investisiyaları cəlb edir, turizm sektorunu stimullaşdırır və büdcə gəlirlərini artırır. Bu baxımdan kazino biznesi qlobal iqtisadiyyatda özünəməxsus bir sinerji yaradır.
Kazino və qumar sənayesi bir çox ölkənin dövlət büdcəsi üçün əhəmiyyətli vergi mənbəyi hesab olunur. Məsələn, ABŞ-da bu sənaye ildə 10 milyard dollardan çox vergi gəliri formalaşdırır. Makao kimi şəhərlər isə, ümumilikdə, büdcə gəlirlərinin 70 faizini yalnız kazino fəaliyyətindən əldə edir. Burada dövlətin apardığı ciddi nəzarət və lisenziyalaşdırma siyasəti həm şəffaflığı, həm də vergi daxilolmalarının sabitliyini gerçəkləşdirir. Eyni zamanda, vergi siyasətinin düzgün qurulması bu biznesin dövlətə olan faydasını artırmaqla yanaşı, qeyri-leqal fəaliyyətlərin də qarşısını alır. Onlayn platformalarda isə bu nəzarət sistemləri daha mürəkkəbdir və əlavə tənzimləmə mexanizmlərinə ehtiyac duyulur.
Kazino biznesi turizm sektoruna verdiyi töhfə ilə seçilir. Las Veqas, Monako, Makao və Batumi kimi şəhərlər, əslində, kazinolar sayəsində beynəlxalq turizmin mərkəzinə çevrilib. Bu isə otelçilik, restoran, əyləncə, nəqliyyat və digər xidmət sahələrində minlərlə iş yerinin yaranmasına səbəb olub. ABŞ-ın təkcə Las Veqas bölgəsində kazino sənayesi sayəsində 400 mindən çox insanın işlə təmin olunması reallaşıb.
Turistlərin cəlb edilməsi, onların uzun müddət bölgədə qalması və yüksək məbləğdə vəsait xərcləməsi iqtisadi dövriyyəyə müsbət təsir göstərir. Bu, əsasən, kiçik iqtisadiyyatlı ölkələr üçün yüksək imkan şəraiti kimi dəyərləndirilir.
Kazino biznesi təkcə birbaşa maliyyə gəlirləri ilə deyil, eyni zamanda, şəhərsalma və infrastrukturun inkişafı baxımından da iqtisadi proseslərə təsir göstərir. Yeni kazino komplekslərinin inşası yolların, hava limanlarının, ictimai nəqliyyatın və elektrik – enerji şəbəkələrinin yenilənməsini sürətləndirir. Sinqapurda “Marina Bay Sands” kompleksi buna bariz nümunədir – təkcə bu layihə ölkənin turizm imicini köklü şəkildə dəyişir və şəhərin simasını yeniləyir.
Bununla belə, kazino biznesinin mənfi təsirləri də mövcuddur. Asılılıq riski, ailə münasibətlərinin pozulması, borc yükü və cinayət hallarının artması bu sahənin sosial sferada yaratdığı problemlərdəndir. Bu səbəbdən əksər ölkələrdə kazino fəaliyyəti ciddi şəkildə tənzimlənir, məsuliyyətli oyun prinsipləri təşviq olunur, sosial risklərə qarşı maarifləndirmə və dəstək proqramları həyata keçirilir. Ən uğurlu nümunələrdən biri kimi Kanada və Avstraliyanı göstərmək olar. Bu ölkələrdə kazino gəlirlərinin bir hissəsi asılılıqla mübarizə fondlarına yönəldilir, mütəmadi olaraq psixoloji dəstək xidmətləri göstərilir və monitorinq sistemləri vasitəsilə oyunçuların davranışı izlənilir.
Rəqəmsal texnologiyaların inkişafı ilə onlayn kazinolar sürətlə genişlənməkdədir. 2025-ci ilə qədər bu seqmentin illik 100 milyard dollara yaxın dövriyyəyə çatacağı proqnozlaşdırılır. Kriptovalyutaların və süni intellektin tətbiqi bu sahədə yeniliklərə yol açıb, həm də qanunsuz platformaların artmasına səbəb olub.
Bəzi dövlətlər onlayn kazinoları qadağan etsə də, digərləri onları lisenziyalaşdıraraq nəzarət altında saxlayır. Bu yanaşma həm vətəndaşların hüquqlarını qorumağa, həm də dövlətin iqtisadi maraqlarını təmin etməyə imkan verir.
Kazino biznesi qlobal iqtisadiyyatda həm imkanlar, həm də risklər vəd edən bir sektordur. Onun düzgün tənzimlənməsi və idarə olunması ilə dövlətlər büdcə gəlirlərini artıra, turizm və məşğulluq sahəsində canlanma yarada bilər. Lakin bu sahənin sosial mənfi təsirlərini nəzərə almamaq da mümkün deyil. Buna görə hər bir ölkə öz milli və mədəni xüsusiyyətlərinə, iqtisadi strategiyasına uyğun şəkildə bu sahəyə yanaşmalı, balanslı və davamlı siyasət həyata keçirməlidir.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, düzgün hüquqi baza, şəffaf lisenziyalaşdırma və məsuliyyətli oyun prinsiplərinin tətbiqi ilə bu sektor respublikamızda da cəmiyyətə zərər yetirmədən iqtisadi artıma təkan verə bilər. Yeri gəlmişkən, Azərbaycan coğrafi mövqeyi, sabit ictimai-siyasi mühiti, turizm infrastrukturuna böyük sərmayələr yönəltməsi və zəngin mədəni-tarixi irsi ilə kazino biznesinin inkişafı üçün nəzəri baxımdan əlverişli şəraitə malikdir. Ölkə artıq Qafqazın aparıcı turizm məkanlarından birinə çevrilməkdədir. Xüsusilə Şuşa, Naftalan, Qəbələ, Quba, Lənkəran, Şəki və Xəzəryanı istirahət zonaları turizmin gələcək lokomotivləri kimi formalaşır. Əgər bu regionlarda beynəlxalq təcrübəyə uyğun şəkildə xüsusi kazino zonaları yaradılarsa, həmin ərazilərə turist axını sürətlənə, regionlarda məşğulluq artaraq kənd təsərrüfatı və xidmət sektoruna dolayısı dəstək verilə bilər.
Hazırda Azərbaycanda kazino fəaliyyəti qanunla qadağandır. Bu qadağa, əsasən, 1990-cı illərin sonlarında yaşanan mənfi təcrübələrin nəticəsində tətbiq edilib. Həmin dövrdə sektorun qeyri-rəsmi strukturlar tərəfindən istismarı, sosial asılılıq hallarının artması və nəzarətsizliyin yaratdığı fəsadlar bu qərara səbəb olub. Lakin bu gün Azərbaycan hüquqi tənzimləmə, rəqəmsal nəzarət, elektron lisenziyalaşdırma və vətəndaşların maarifləndirilməsi baxımından çox fərqli bir mərhələdədir. Əgər dövlət bu sahədə müəyyən pilot layihələrə (məsələn, xüsusi iqtisadi zonalarda və ya xarici vətəndaşlara xidmət göstərən məkanlarda) icazə versə, bu, həm iqtisadi baxımdan faydalı ola bilər, həm də sosial risklərin qarşısını almağa imkan yaradar.
Azərbaycanın bölgələrində qeyri-neft sektorunun inkişafı prioritet istiqamət olaraq müəyyənləşdirilib. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə – Laçın, Zəngilan, Qubadlı, Şuşa və digər rayonlarda müasir turizm infrastrukturu yaradılır. Bu regionların “yaşıl” zona, ekoturizm və sağlamlıq turizmi ilə yanaşı, beynəlxalq kazino kompleksləri üçün də cəlbedici məkanlara çevrilməsi mümkündür.
Qeyd etmək lazımdır ki, bu layihələr yalnız xarici turistlərə xidmət göstərməklə tənzimlənə bilər. Bu üsul Gürcüstanda Batumi modelində uğurla tətbiq olunur: burada kazinolar yalnız xarici vətəndaşlara açıqdır, yerli əhaliyə isə giriş məhduddur. Nəticədə Gürcüstan büdcəsi ildə 200 milyon dollardan artıq vergi gəliri əldə edir.
Azərbaycanın iqtisadi strategiyasında qeyri-neft sektorunun inkişafı, turizmin stimullaşdırılması və regionların iqtisadi canlandırılması əsas prioritetlərdəndir. Bu kontekstdə kazino biznesinin beynəlxalq təcrübə əsasında düşünülmüş şəkildə tətbiqi, xüsusilə regional və xüsusi iqtisadi zonalarda, yeni investisiya imkanları aça və dövlət büdcəsinə alternativ gəlir mənbəyi təmin edə bilər.
Göründüyü kimi, kazino turizminin üstün cəhəti ondan ibarətdir ki, o, müxtəlif ölkələrdən çoxlu sayda insanı cəlb edə və onları bir məkanda birləşdirə bilir. Kazinolar ətrafında sürətlə yeni infrastruktur formalaşır. Bu, digər sahələrə də fayda gətirir.
Kazinoların olduğu yerdə təkcə otellər və restoranlar deyil, digər turistik məkanlar da inkişaf edir. Yerli restoranlar kazinodan gələn bir çox xarici qonaqları qarşılayır. Üstəlik, əcnəbilər yerli mətbəxi dadmaq imkanı qazanırlar. Bu, ölkədə turizmin inkişafına daha böyük töhfə verir. Beləliklə, kazino turizmin digər sahələrinin də inkişafına təkan verir.
Böyük biznes kimi kazinolar müxtəlif sahələrdə minlərlə iş yeri yaradır. Buraya təkcə qumar salonlarında birbaşa işləyən işçilər deyil, həm də otellərdə, restoranlarda, salonlarda çalışan işçilər, həmçinin marketinq mütəxəssisləri və təhlükəsizlik işçiləri daxildir. Regionun iqtisadiyyatı bu iş yerlərindən bəhrələnir, nəticədə gəlirlər artır və sosial infrastruktur yaxşılaşır.