Ağdam Sənaye Parkı 7 ayda 85 milyon manatlıq məhsul buraxıb

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, hazırda burada 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi davam etdirilir. Bildirilir ki, cari ildə sənaye parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışı nəzərdə tutulur. Müəssisədə son tamamlama işləri görülür.

Ağdam Sənaye Parkında indiyədək investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkın artıq 70 fazidən çox hissəsi sahibkarların istifadəsinə ayrılıb. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər isə daimi işlə təmin edilib.

Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin sentyabrından 2025-ci ilin birinci rübü daxil olmaqla 85 milyon manatlıq, cari ilin birinci rübü ərzində isə 63 milyon manatlıq məhsul istehsal olunub. İstehsal edilən məhsulların daxili bazara çıxarılması ilə yanaşı, ixrac edilməsi istiqamətində də önəmli uğurlar əldə edilib.

Qeyd edək ki, parkda fəaliyyət göstərən sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Burada rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən, 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.

Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara indiyədək 126 təsdiqedici sənəd verilib. Bu sənədlər əsasında sahibkarlar tərəfindən idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8 milyon manatdan çox vəsaitə qənaət edilib.

 

İqtisadiyyat