Azərbaycan ilə Qazaxıstan arasında ilk fiber-optik bağlantı yaradılmasını nəzərdə tutan Transxəzər Fiber – Optik Kabel Xəttinin tikintisi üzrə növbəti mərhələ artıq tamamlanıb. “AzerTelecom” və “Kazakhtelecom” kabelin dəniz dibi ilə çəkilməsi üzrə işlərə başlamaq üçün zəruri layihə tədqiqatının uğurla başa çatması da artıq elan olunub. Xatırladaq ki, mütəxəssislər tərəfindən bu tədqiqat dəniz dibi mühitinin öyrənilməsi və kabel xəttinin potensial marşrutunun müəyyənləşdirilməsi baxımından yüksək dəyərləndirilib.
Layihə tədqiqatının nəticələrinə əsasən hazırlanmış hesabat Xəzər dənizinin xəritələrinin, dəniz dibinin və ekoloji xüsusiyyətlərinin, o cümlədən potensial marşrut risklərinin ətraflı təhlilini verir. Hesabat, həmçinin layihənin növbəti mərhələləri olan dəniz dibinin tədqiqatı və kabel marşrutunun layihələndirilməsi üçün vacib olan məlumatları əks etdirir.
ABŞ-nin “Pioneer Consulting” şirkəti layihəyə texniki nəzarət və məsləhət dəstəyi göstərir. Şirkət layihənin bütün mərhələlərinin və əldə olunan nəticələrin beynəlxalq standartlara, eləcə də qabaqcıl sənaye təcrübələrinə uyğunluğunu gerçəkləşdirir. “Pioneer Consulting” sözügedən layihənin tədqiqatı prosesində əsas texniki məlumatların nəzərdən keçirilməsi və ekspert rəylərinin təqdimatı zamanı fəal iştirak edib, eyni zamanda, hesabatın “AzerTelecom” və “Kazakhtelecom” tərəfindən qəbul olunmasına dəstək göstərib.
Qeyd edək ki, Azərbaycanın magistral internet provayderi “AzerTelecom” şirkətinin daxil olduğu “NEQSOL Holding”in sədri Yusif Cabbarovun sözlərinə görə, Transxəzər Fiber – Optik Kabel Xətti layihəsi regionda rəqəmsal əlaqəni və texnoloji inkişafı gücləndirməklə yanaşı, regional iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.
Bu layihə “NEQSOL Holding”in strateji “Rəqəmsal İpək Yolu” təşəbbüsünün əsas hissəsidir və regionda dayanıqlı rəqəmsal gələcəyin qurulmasını hədəfləyir. Belə bir məqsədə çatmaq üçün beynəlxalq səviyyədə tanınan qabaqcıl həllər tətbiq edilərək Asiya ilə Avropa arasında daha sürətli, etibarlı və yüksək keyfiyyətli bağlantı dövrünə keçid gerçəkləşdirilir.