“Baku Energy Week”ə həsr olunmuş mətbuat konfransı keçirilib

post-img

Mayın 29-da “Hilton Baku” otelində regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week”ə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransına kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri, eləcə də tədbirin təşkilat komitəsinin üzvləri qatılıb.

Konfransda “Caspian Event Organisers” şirkətinin İcraçı direktoru Bəhruz Hidayətzadə, Azərbaycan Respublikası Energetika Nazirliyinin Mətbuat katibi Cahid Mikayılov, SOCAR şirkətinin Mətbuat katibi Orxan Hüseynov, Bakı Enerji Həftəsinin layihə meneceri Nailə Əliyeva, Bakı Enerji Forumunun layihə rəhbəri Aynurə Nəzərli, "Translogistica Caspian" sərgisinin layihə meneceri Ləman Ağayeva çıxış edib. 

2-4 iyun tarixlərində “Baku Energy Week” 30-cu dəfə keçiriləcək. Təşkil edildiyi illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olmuşdur. 

“Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.

 “Baku Energy Week” çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.

Bu il “Baku Energy Week” 39 ölkədən 267 şirkəti qəbul edir. Ölkələr arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir. 

“SOCAR” “Baku Energy Week”in baş tərəfdaşı qismində çıxış edir. Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “ACWA Power”, “Azfen”,  “AZEL Systems LLC”, “Baku Steel Company”, “bp”, “CIM”, “Gap İnşaat”, “HMS Group”, “HUAWEI”, “Inpex”, “INTI”, “iMotors”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “MVM”,“NewMed Energy”, “Saipem”, “Pasha Bank”, “SLB”, “Türkiye Petrolleri AO”, “TotalEnergies”, “Tekfen Inşaat ve Tesisat,” “Türkiye Petrolleri AO”  “Ural Steel” və “XRG”  kimi nüfuzlu şirkətlər yer alır.  Bundan əlavə, tədbirin intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” tədbirin konsultativ tərəfdaşıdır. “Caspian Oil and Gas” sərgisinin rəsmi avtomobili qismində “Imotors MMC” çıxış edir. “Imotors MMC” – JMC markasının Azərbaycandakı rəsmi nümayəndəsidir. JMC – güclü mühərrikləri və dayanıqlı konstruksiyası ilə tanınan Çinin aparıcı pikap və kommersiya avtomobil istehsalçılarındandır.  Tədbirlərin rəsmi bankı qismində “Pasha Bank” iştirak edir.

2, 3 və 4 iyun tarixlərində “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə və Bakı Ekspo Mərkəzindən, “Park Pulvar Mall”-a xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəliş təmin ediləcəkdir. Bu xidmətin rəsmi sponsoru “AZFEN” və “TEKFEN” şirkətləridir. 

Tədbirin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management” şirkətləridir. “Baku Energy Week” yüksək təşkilatçılıq səviyyəsini və təqdim olunan statistik məlumatların etibarlılığını təsdiqləyən Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI)  keyfiyyət nişanına malikdir. Bakı Enerji Həftəsi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Hilton Garden Inn Baku”, "Ibis Baku City", "Radisson Hotel Baku", "Gloria Flowers" və "Greenwich Travel Club" şirkətləri çıxış edir. 

Bakı Enerji Həftəsi haqqında ətraflı məlumatları daim yenilənən www. bew.az saytından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

İqtisadiyyat