Maliyyə Nazirliyinin məlumatına görə, qurumun Büdcə Məlumatlarının İdarəetmə Sistemində dövlət borcu üzrə hesabatlığı təmin edən elektron modulun təqdimatı keçirilib.
Nazirliyin məlumatına görə, yeni modulun əsas məqsədi kredit sazişləri çərçivəsində kredit vəsaitlərindən istifadə üzrə layihə idarəetmə qruplarının, icraçı qurumların və əsas borcalanların Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinə təqdim etdiyi hesabatları elektronlaşdırmaq, prosesin səmərəliliyini artırmaq, məlumat dövriyyəsini avtomatlaşdırmaqdır. Eyni zamanda, adıçəkilən modulun tətbiqi ilə hesabatların toplanılmasını, emal proseslərinin operativliyinin artırılmasını, vaxt itkisinin qarşısının alınmasını, məlumatların təhlükəsizliyini təmin etməkdir.
Dövlət qurumları nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, dövlət borcu üzrə hesabatlıq funksionallığını gerçəkləşdirən elektron modulun istifadəyə verilməsi rəqəmsal idarəetmənin gücləndirilməsinin və innovativ texnologiyaların tətbiqi istiqamətində aparılan ardıcıl, məqsədyönlü və institusional islahatların tərkib hissəsidir.