ABŞ ilə ticarət 2 dəfədən çox artıb

post-img

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar – aprel aylarında Azərbaycanla ABŞ arasında ticarət əməliyyatlarının həcmi 461 milyon dollar (2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 250 milyon dollar və ya 2,2 dəfə çox) təşkil edib.

Hesabat dövründə ABŞ ilə ticarət əməliyyatları ölkəmizin ümumi ticarət dövriyyəsinin 2,72 faizi həcmində olub. Bununla da ABŞ Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci yerə yüksəlib. Cari ilin yanvar-aprel aylarında Azərbaycandan ABŞ-a 24 milyon dollarlıq (2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,2 milyon dollar və ya 42,9 faiz çox) məhsul ixracı qeydə alınıb. Eyni zamanda, 2025-ci ilin yanvar-aprel aylarında ABŞ-dan Azərbaycana 437 milyon dollar (illik müqayisədə 242,7 milyon dollar və ya 2,2 dəfə çox) dəyərində idxal əməliyyatları icra olunub. Bu göstərici ilə ABŞ Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pilləyə yüksəlib.

Bundan başqa, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycandan ABŞ-a 24 milyon dollar (2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 7,3 milyon dollar və ya 44,1 faiz çox) dəyərində qeyri-neft məhsulları ixrac olunub. Qeyd edək ki, Azərbaycan 2025-ci ilin yanvar-aprel aylarında xarici ölkələrlə 16,917 milyard dollar (2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard dollar və ya 24,1 faiz çox) dəyərində ticarət əməliyyatı aparıb.

Xarici ticarət dövriyyəsinin 8,785 milyard dolları ixracın, 8,133 milyard dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon dollar (və ya 7,5 faiz) və 2,7 milyard dollar (və ya 48,8 faiz) çoxdur. Nəticədə, xarici ticarətdə 651,792 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.

 

İqtisadiyyat