Azərbaycan Dövlət Neft Şirkəti İsveçrədə elektrikli yük avtomobilləri üçün ilk sürətli yükləmə stansiyasını istifadəyə verib. Bu, qurumun İsveçrədəki törəməsi olan “SOCAR Energy Switzerland” şirkətinin mayın 15-də “A1” yolu boyunca Kölliken-Nord istirahət zonasındakı elektrikli yük avtomobilləri üçün istismara buraxdığı ilk sürətli yükləmə stansiyasıdır.
Şirkətin bununla bağlı açıqlamasında bildirilir ki, yeni infrastruktur elektrikləşdirilmiş ağır yük daşıyan nəqliyyat vasitələrinin doldurulması üçün nəzərdə tutulub. 400 kilovata qədər gücü olan stansiya hətta elektrikli ağır yük avtomobilləri üçün yükləmə müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Bu isə logistika şirkətləri üçün xüsusilə vacibdir.
Eyni zamanda İsveçrə KİV-ləri xəbər verir ki, SOCAR 2026-cı ilin sonuna qədər ölkədə minik və yük elektromobilləri üçün təxminən 100 yükləmə məntəqəsi istifadəyə verməyi planlaşdırır.
Məlum olduğu kimi, Azərbaycan Dövlət Neft Şirkəti İsveçrədə “SOCAR” brendi altında yanacaqdoldurma stansiyaları şəbəkəsi açaraq neft məhsullarının pərakəndə satışı sahəsində fəaliyyət göstərir. Hazırda bu şəbəkə, təxminən, 200 yanacaqdoldurma stansiyasından ibarətdir. Bundan əlavə, Sürixdə “SOCAR Trading” şirkətinin baş ofisi yerləşir.