İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2025-ci il mayın 1-nə Azərbaycanda vergi ödəyicilərinin sayı 1 milyon 621 min 818 olub. Bu da ötən il mayın 1-i ilə müqayisədə 4,8 faiz çoxdur.
Məlumata görə, vergi ödəyicilərinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb. Aprelin sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı da bir il əvvələ nisbətən 8,4 faiz artaraq 195 min 263-ə çatıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi isə kooperativ və s. formalarda yaradılıb.
Təkcə bu ilin yanvar–aprel aylarında 4 min 995 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,5 faizi yerli investisiyalı, 10,5 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,3 faizi elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərinin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.