Bu ilin yanvar – aprel aylarında Azərbaycanda 8 milyard 789,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin aylıq hesabatında yer alıb.
Komitənin məlumatına görə, jesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 8 milyard 485,4 milyon kilovat-saatı əmtəəlik məhsulun payına düşüb. Bu isə illik müqayisə ilə 1,5 faiz artım deməkdir. Ölkədə istehsal olunan elektrik enerjisinin 7 milyard 287 milyon kilovat-saatı istilik elektrik stansiyalarının payına düşüb ki, bu da 2024-cü ilin yanvar–aprel göstəricisindən 2,1 faiz azdır.
Cari ilin ilk dörd ayı ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi, yəni 1 milyard 63,2 milyon kilovat-saatı (35,9 faiz artım) su elektrik stansiyalarından, 129,6 milyon kilovat-saatı (10,7 faiz artım) günəş elektrik stansiyalarının payına düşüb.