Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən IV Aqrobiznesin İnkişaf Forumundakı çıxışında respublikada 2023-cü ildə 387 min 340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380 min 704 fermerə 362,5 milyon manat subsidiya ödənildiyini bildirib. Onun sözlərinə görə, bu, sadəcə rəqəm deyil, kənd həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir.
Dövlətin həyata keçirdiyi subsidiya siyasəti çərçivəsində fermerlərə göstərilən dəstək davamlı və sistemli şəkildə icra olunur. Bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir.
Nazir qeyd edib ki, fermerlərin texnika və damazlıq heyvanlarla təminatı sahəsində də dövlət onların yanındadır. 2023-cü ildə 6477 texnika üçün 83,9 milyon manat, 2024-cü ildə isə 9107 texnika üçün 80,8 milyon manat güzəşt vəsaitinin ayrılması da bunun bariz ifadəsidir. Həmçinin 2024-cü ildə 5830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəştin təqdim olunması da həm yerli istehsalın stimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlı təsərrüfatların qurulmasına xidmət edir.
M. Məmmədov əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bütün subyektləri, yəni kiçik ailə təsərrüfatlarından tutmuş iri aqroparklara qədər hamısını dəstəkləmək ölkənin strateji prioritetidir. Biz fermerin yanında olmaqla, əslində, dövlətin iqtisadi təməlini möhkəmləndiririk. Çünki kənd təsərrüfatı təkcə ərzaq təhlükəsizliyi deyil, həm də məşğulluq, sosial sabitlik və ixrac potensialıdır.