Balaxanı Sənaye Parkı genişləndirilir

post-img

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18 min 415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Prezidentinə məlumat verməlidir.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməli və digər məsələləri həll etməlidir.

Yeri gəlmişkən, son illər ölkəmizdə iqtisadiyyatın aparıcı sahəsi sayılan sənayenin inkişafına xüsusi önəm verilir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Bunun da nəticəsində daxili bazarın tələbatının ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan sənaye müəssisələrində tullantıların təkrar emalı kimi yeni sahələr inkişaf etdirilməklə xammal idxalından asılılıq azaldılır, resurslara və enerjiyə qənaət olunur ki, bu da ölkədə “yaşıl iqtisadiyyat”ın yüksəlişinə geniş meydan açır. 

Ölkənin qeyri-neft sənayesinin inkişafına mühüm töhfə sayılan Balaxanı Sənaye Parkı Prezident İlham Əliyevin 2011-ci il 28 dekabr tarixli Sərəncamına əsasən yaradılıb. Parkın yaradılması sahibkarlar və potensial investorlar üçün təkrar istehsal sahəsində əlverişli şəraitin yaradılması, ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, xüsusən də “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Balaxanı Sənaye Parkının təməli 2012-ci il dekabrın 19-da Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlət başçısının müvafiq Sərəncamı ilə İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib. Parkın təşkili üçün üçün isə Balaxanı qəsəbəsində 7 hektar torpaq sahəsi ayrılıb. Tikinti-quraşdırma işləri çərçivəsində parkın ərazisində 23 min 460 kvadratmetrlik istehsalat və 3 min kvadratmetrlik infrastruktur zonası yaradılıb.

 2017-ci il sentyabrın 22-də isə ölkə rəhbərinin iştirakı ilə Balaxanı Sənaye Parkının açılış mərasimi keçirilib. Hazırda tullantıların təkrar emalının həyata keçirildiyi sənaye parkında təbii resurslardan davamlı və səmərəli istifadəni təmin edən sahibkarlar burada rezident kimi qeydiyyata alınmaqla fəaliyyət göstərirlər. Ötən müddətdə Balaxanı Sənaye Parkında 27 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib. Müasir texnologiyaların tətbiqi ilə rəqabətqabliyyətli məhsul istehsal edən və “yaşıl iqtisadiyyat”ın inkişafına dəstək verən rezidentlər bu məkanda “vahid pəncərə” prinsipi ilə asanlaşdırılmış qeydiyyat, qanunvericiliyə uyğun olaraq əlverişli vergi güzəştləri, bir məkanda vahid infrastruktur, “yaşıl biznes”in hesabına ətraf mühitə təsirin azaldılması, tullantıların təkrar emalı ilə məşğul olan müəssisələrə və bu sahəyə dəstək, əldə edilən xammal və istehsal olunmuş məhsullar üzrə bazarın genişləndirilməsi kimi üstünlüklərdən yararlanırlar.

İqtisadiyyat