“Xocalı” gəmisinin sorağı Hind okeanından gəlir

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) məxsus “Xocalı” gəmisi istismar müddətində ilk dəfə Hind okeanına daxil olub. Bu barədə ASCO-dan məlumat verilib.

Bildirilib ki, cari ilin martında ABŞ-ın Portland limanından 37 min ton kalsiumlu soda yükləyən gəmi Sakit okean üzərindən hərəkət edərək İndoneziyanın Cakarta limanına çatıb. Burada yükün bir hissəsi boşaldıldıqdan sonra “Xocalı” İndoneziya və Malayziya arasındakı Malakka boğazını keçərək Hind okeanına yönəlib. Hazırda Hindistan istiqamətində hərəkət edən gəmi marşrut çərçivəsində ilk olaraq Kattupalli limanında, daha sonra Kandla limanında yükboşaltma əməliyyatını yerinə yetirəcək.

Qeyd edək ki, “Handysize” tipli bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə 2024-cü ilin mayında istismara verilib. “Xocalı” gəmisinin dedveyti 38 min 593 ton təşkil edir. Gəminin uzunluğu 180 metr, eni 30 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi məhdudiyyətsiz üzmə imkanlarına malikdir.

 

İqtisadiyyat