Bakı-Supsa kəməri 100 milyon ton neft nəql edib

post-img

“Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində hasil edilə neftin Qara dənizin sahilində yerləşən Supsa terminalına nəql etmək məqsədilə inşa olunmuş Qərb İxrac Boru Kəmərinin (Bakı – Supsa) istismara verilməsindən 26 il ötür. 1999-cu ilin aprel ayında fəaliyyətə başlamış Bakı–Supsa kəməri ilə ötən müddətdə 100 milyon tona yaxın xam neft nəql edilib.

2024-cü ildə isə Bakı – Supsa kəməri ilə neft nəqlinin həcmi 90 min ton təşkil edib. Bu barədə məlumat Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatda yer alıb. Nazirliyin məlumatına əsasən, 2023-cü ildə Bakı – Supsa kəməri ilə neft ixracının həcmi 150 min ton təşkil edib. Bu isə o deməkdir ki, Azərbaycan neftinin Qərb istiqamətinə nəqli əvvəlki illə müqayisədə 40 faiz azalıb.

Məlum olduğu kimi, Bakı – Supsa boru kəməri ilə neft nəqli 2022-ci ilin mart ayında dayandırılıb. Daha sonra aprelin 1-dən 17-dək boru kəmərində təmir-sazlama işləri aparılıb və neft nəqli bərpa edilib. Həmin dövrdə Supsa terminalından bir neçə yükləmə də həyata keçirilib. Daha sonra Supsa terminalından “Azeri Light” neftinin yüklənməsi üçün sifarişlərin olmaması səbəbindən Qərb marşrutu ilə neft ixracı yenidən dayandırılıb. Ümumilikdə isə, son illər Bakı – Supsa boru kəmərinin fəaliyyətində ən məhsuldar dövr 2021-ci ilə təsadüf edib. Belə ki, həmin il kəmərlə 4,2 milyon ton neft nəql olunub. 2022-ci ilin may ayında isə Rusiya – Ukrayna müharibəsi səbəbindən fəaliyyəti dayandırılmış bu kəmərlə ay ərzində nəql olunan, təqribən, 3 milyon barel xam neft Bakı – Tbilisi – Ceyhan boru kəmərinə yönəldilib.

Yeri gəlmişkən, “BP-Azerbaijan” şirkətinin məlumatına əsasən, hazırda “Azeri Light” markalı Azərbaycan neftinin ixracı Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəməri ilə həyata keçirildiyindən Bakı – Supsa kəmərindən istifadə olunmur. Şirkətdən onu da bildiriblər ki, Bakı – Supsa neft kəməri “dondurulmayıb” və istənilən anda neft nəqlinə başlamaq üçün tam hazır vəziyyətdədir.

Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirən Bakı – Supsa boru kəməri Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Uzunluğu 833 kilometr olan “qara qızıl” marşrutunun 772 kilometrlik hissəsi 530 millimetrlik yeni polad borularla çəkilib, qalan 55 kilometrlik hissəsi isə əsaslı təmir edilib. Boru kəməri obyektlərinə 3-ü Azərbaycanda və 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstanda), 1 ərzinburaxma stansiyası (Azərbaycanda) aiddir. Layihə çərçivəsində, həmçinin Supsada ümumi həcmi 1 milyon barel olan 4 iri neft çəni inşa olunub. Kəmərin illik nəqletmə gücü isə 5,1 milyon ton təşkil edir.

Xatırladaq ki, ilk vaxtlarda bu kəmərlə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” və “Azəri” yataqlarından çıxarılan neft Səngəçal terminalından Qara dəniz sahilində yerləşən Supsa limanına nəql olunub. Xam neft buradan tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınıb.

 

 

İqtisadiyyat