Fındıq bağlarının təbii itkiləri ödənilir

post-img

Ölkəmizdə aqrar sığortanın əhatə etdiyi 41 bitki növündən biri də fındıq bağlarıdır. Bu da müxtəlif ərazilərdə fındıq əkən fermerlərə aqrar sığorta vasitəsilə bağlarını sığorta etdirməyə imkan yaradır. Qeyd edək ki, aqrar sığorta mexanizmi fındıq bağlarını dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşi heyvanların hücumu, eləcə də üçüncü şəxslərin hərəkətləri və s. kimi risklərdən qoruyur.

Aqrar Sığorta Fondunun məlumatına əsasən, digər bitkiçilik növləri kimi fındıq məhsulunun da sığorta haqqı regionlardan asılı olaraq dəyişir və olduqca aşağıdır. Məsələn, fındığın kütləvi şəkildə əkildiyi Xaçmaz rayonunda 1000 manatlıq məhsulu sığortalamaq üçün fermer cəmi 7,25 manat ödəməlidir. Zaqatala, Balakən və Qax rayonlarında isə 1000 manatlıq fındığın sığortası fermerə cəmi 20 manata başa gəlir.

Artıq 2024-cü ildən etibarən fındıq sahələri üzrə sığorta ödənişlərinə də başlanılıb. Ötən il fındıq bağlarına dəymiş zərərlərə görə fermerlərə və təsərrüfatlara 4 min 737 manat sığorta ödənişi edilib.

Bağ sahibləri əlavə olaraq meyvə bağlarındakı ağacları ayrıca sığorta etdirə bilərlər. Bu halda, ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvə dəyəri qədər sığorta ödənişi verilir. Bu sığorta məhsulu üzrə sığorta tarifi cəmi 0,83 faiz təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, aqrar sığorta mexanizminin fermerlər üçün əsas üstünlüklərindən biri də sığorta haqqının 50 faizinin dövlət tərəfindən qarşılanmasıdır. Belə ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə, fermerlər hesablanmış sığorta haqqının yalnız 50 faizini ödəyərək təsərrüfatlarını və əkin sahələrini sığorta etdirirlər.

 

İqtisadiyyat