Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Antalya Diplomatik Forumunda bildirib ki, təmsil etdiyi qurumun 2024-cü ildə ticarət gəliri 1,1 trilyon ABŞ dollarına çatıb. TDT üzv ölkələri arasındakı qarşılıqlı ticarət həcmi bu məbləğin cəmi 7 faizini, yəni, təxminən, 57 milyard dollarını təşkil edib. TDT kimi böyüməkdə olan bir qurum üçün üzv ölkələr arasındakı ticarət dövriyyəsinin, ən azı, 10 faizə çatdırılması strateji hədəf kimi qarşıya qoyulub. Kubanıçbek Ömüralıyev bu məqsədə çatmaq üçün əsas təşəbbüsün bu il fəaliyyətə başlayan Türk İnvestisiya Fondu olduğunu bildirib.
Onun sözlərinə görə, müştərək maliyyə qurumu regionda strateji infrastruktur, kiçik və orta sahibkarlıq (KOB) və innovasiya layihələrini dəstəkləmək məqsədi daşıyır. Bununla yanaşı, biznes əlaqələrini dərinləşdirmək üçün Türk Ticarət və Sənaye Palatası yaradılıb və ticarət maneələrini aradan qaldırmaq üçün Ticarət Mexanizmi Komitəsi təkmilləşdirilib.