Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Martın 1-i vəziyyətinə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1758,8 min nəfər olub, onlardan 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,7 faizi təhsil, 18,6 faizi ticarət, 13,7 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi, sosial təminat, 4,2 faizi nəqliyyat, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,3 faizi kənd təsərrüfatı, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.