Azərbaycan– İran Dövlət Komissiyasının həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq Ordubad–Marazad Su Elektrik Stansiyası layihəsi üzrə aparılan işlərlə tanış olublar.
Məlumat verilib ki, Araz çayı üzərində gücü 36 MVt olan Ordubad SES-in ümumi tikinti işlərinin 60 faizi yekunlaşıb və davamı üçün İran tərəfindən işlərin aparılmasına əlavə imkanlar yaradılmalıdır.
Layihə üzrə derivasiya tipli bu stansiya üçün 1,5 milyon kubmetr həcmində su anbarı nəzərdə tutulub. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, su qəbuledici qurğu, derivasiya kanalı, yükləmə hovuzu daxildir. Layihəyə görə, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular yaradılacaq, stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü isə 12 metr nəzərdə tutulub. Derivasiya tipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək.
Muxtar Respublika Energetika Xidmətindən XQ-yə verilən məlumata görə, Ordubad rayonu ərazisində, Araz çayı üzərində inşa edilən Ordubad SES qədim diyarda enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rola malik olacaq. Hesablamalara görə, gücü 36 meqavat olan bu stansiyanın ildə 190 milyon kilovatsaat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur. Bu göstərici muxtar respublikanın əvvəlki illərdəki enerji tələbatının təxminən 30 faizini ödəməyə imkan verəcək.
Stansiyaya daxil olan suyun miqdarı əsasən “Araz” su qovşağının məcrasına gələn axından, eləcə də Azərbaycan ilə İran arasında birgə istismar olunan “Araz” SES-in illik və gündəlik iş rejimindən asılı olacaq.
Xatırladaq ki, bu stansiyanın təməli 2017-ci il yanvarın 11-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində qoyulub. Dövlət başçısı 2021-ci il mayın 10-da muxtar respublikaya növbəti səfəri zamanı stansiyasının tikintisi ilə tanış olub.