Aqroparklarda 150 milyon manatlıq məhsul yetişdirilib

post-img

Ölkəmizdə aqroparklar 2014-cü ildən etibarən Prezident İlham Əliyevin tapşırığına əsasən, ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionlarda işsiziliyin aradan qaldırılması və idxaldan aslılığın azaldılması məqsədilə yaradılıb. Mövcud qurumların fəaliyyətinə nəzarəti isə İqtisadiyyat Nazirliyinin nəzdində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirməyə başlayıb. Adıçəkilən agentlik ölkədə fəaliyyət göstərən sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən qeydiyyata alınan 24 aqropark tərəfindən 2024-cü ildə 42,5 min hektar torpaq sahəsində əkin işləri həyata keçirilib. Bunun da 35,7 min hektarı suvarılan ərazilərdir.

Məlum olduğu kimi, aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanır. Bununla yanaşı, dövlət tərəfindən də bu sahədə mühüm dəstək tədbirləri həyata keçirilir. Agentlik rəhbərinin sözlərinə görə, ötən müddətdə ölkədə aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bununla yanaşı, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, investisiya təşviqi sənədi almış 17 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.

Aqroparklarda istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətləri formalaşdırılır ki, bu da kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına imkan yaradır. Bu müəssisələr aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, idxaldan asılılığın azaldılmasına, eləcə də ölkənin ixrac potensialının artırılmasına və milli brendlərin yaradılmasına mühüm töhfələr verir.

Agentliyin məlumatına görə, il ərzində aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ədəd ting əkilib. Bununla yanaşı, heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub.

Bütövlükdə isə, il ərzində aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib.

Yeri gəlmişkən, ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə təşkil edilən ilk aqropark Yevlax rayonunda yaradılıb. Ümumi ərazisi 2 min 807 hektar olan Yevlax Pilot Aqroparkının 2 min 280 hektar sahəsi üzrə 34 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən, ümumilikdə, 55,2 milyon manatadək özəl investisiyanın yatırılması ilə 331 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Aqroparkda intensiv meyvə bağları salınacaq, heyvandarlıq və quşçuluq təsərrüfatları, eləcə də emal sahələri yaradılacaq. Artıq rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulmaqla burada 121 daimi və 457 mövsümi iş yeri açılıb. 21 rezident tərəfindən indiyədək parkın ərazisində 1199 hektar sahədə əkin işləri aparılıb, 412,5 hektar intensiv və superintensiv meyvə bağları salınıb. Ötən müddətdə aqroparkda 1,1 min ton buğda, 0,6 min ton arpa, 0,4 min ton pambıq və 660 min ədəd ting istehsal olunub. 2024-cü ildə parkın ərazisində ilk dəfə yığım da həyata keçirilib. Yeni salınmış bağlardan, ümumilikdə, 44 ton çəyirdəkli (şaftalı, ərik, nektarin, alça və s.) meyvə yığılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri S.Adıgözəlovun sözlərinə görə, aqroparkın 2807 hektar ərazisinin 1185 hektarı parsellərə bölünmüş sahələr, 1298 hektarı heyvanların yem təminatı və pambıqçılıq sahələri, 141 hektarı sənaye zonası, qalan 183 hektarı isə mühafizə zolaqları və təsərrüfatdaxili yollardır. Ötən müddətdə aqroparkda dövlət investisiyası hesabına tutumu 110 min kubmetr olan membran örtüklü su anbarı və 8 aqreqatlı nasos stansiyası inşa edilib, parsellərə bölünmüş 800 hektar ərazinin təzyiqli su və elektrik təchizatı tam təmin olunub, təsərrüfatdaxili yollar çəkilib və uzunluğu 12,5 kilometr olan sel ötürücü kanalın 10,4 kilometrlik hissəsi tikilib.

 

 

İqtisadiyyat