Energetika naziri Pərviz Şahbazov ilə Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed arasında görüş olub.
Nazirliyin mətbuat xidmətindən XQ-yə bildirilib ki, görüşdə Somalinin Prezidenti Hasan Şeyx Mahmudun bu yaxınlarda respublikamıza səfəri çərçivəsində imzalanan sənədlərin iki ölkə arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına və ikitərəfli əlaqələrin bir çox sahələrdə inkişafına təkan verən rolundan bəhs edilib. Eyni zamanda, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında “yaşıl” enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının əhəmiyyəti vurğulanıb.
Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz, bərpaolunan enerji sahələrində həyata keçirdiyi layihələr, xüsusilə enerji resurslarının dünya bazarlarına şaxələndirilmiş marşrutlarla nəqli üzrə təcrübəsi, həmçinin enerji sektorunda aparılan islahatlar barədə məlumat verib. Bu səfərin nəticələrinin ikitərəfli əlaqələrin enerji sahəsində inkişafına əlavə bir dəstək verəcəyini deyən nazir ölkələrimizin zəngin təcrübə və potensialı əsasında gələcəkdə faydalı əməkdaşlığın qurulacağına inamını ifadə edib.
Somalili nazir Dahir Shire Mohamed isə ölkəsinin Azərbaycanın enerji sahəsində liderliyini yüksək qiymətləndirərək deyib ki, Azərbaycana səfərlər ölkələri üçün tarixi əhəmiyyət daşıyır, çünki bu, inkişafı sürətləndirir.
Görüş zamanı Somalidən olan tələbələrin Azərbaycanda neft sahəsində ixtisaslaşmış ali məktəblərdə təhsili ilə bağlı da fikir mübadiləsi aparılıb.
Sonda “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandumda neft və qaz sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təcrübə mübadiləsinin, eləcə də birgə seminar və forumların keçirilməsi nəzərdə tutulub.