Mobil vergi xidmətləri genişlənir

post-img

Dövlət Vergi Xidmətində (DVX) mobil tətbiqlər üzərindən göstərilən xidmətlərin sayının artırılması gözlənilir. DVX-nın rəis müavini Samirə Musayevanın sözlərinə görə, vergi ödəyicilərinə təqdim edilən elektron xidmətlərin sayı və funksionallığının artırılacağı nəzərdə tutulur.

Hazırda mövcud olan 70-dən çox elektron xidmətin daha da genişləndirilməsi, xüsusilə, mikro və kiçik sahibkarlar üçün vergi prosedurunun daha da sadələşdirilməsi planlaşdırılır. Bunlar arasında mobil tətbiqlər üzərindən göstərilən xidmətlərin artırılması, vergi bəyannamələrinin öncədən doldurularaq vergi ödəyicilərinə təqdim edilməsi, vergi ödəyicilərinin risklər barədə vaxtında məlumatlandırılması kimi yeniliklər var.

Eyni zamanda, sahibkarların işlədikləri digər vergi ödəyicilərinin potensial vergi riskləri barədə əvvəlcədən məlumatlandırılması kimi preventiv yanaşmaların tətbiq ediləcəyi də qarşıya mühüm vəzifə kimi qoyulur. İş adamları bunun hesabına gələcək vergi nəzarəti tədbirləri zamanı ciddi maliyyə sanksiyalarından kənarda qalacaqlar.

S.Musayeva qeyd edib ki, bu yeniliklər bir tərəfdən vergi ödəyicilərinin hüquqlarının qorunmasına və onların potensial vergi pozuntularından əvvəlcədən xəbərdar edilməsinə imkan verəcək, digər tərəfdən isə vergi orqanlarının fiskal dayanıqlığı təmin olunmaqla bağlı funksiyalarını daha səmərəli yerinə yetirməsinə kömək edəcək.

 

İqtisadiyyat