Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 3 faiz, 2026-cı ildə isə 2,5 faiz səviyyəsində proqnozlaşdırır. Ötən ilin sentyabr ayı ilə müqayisədə artımla bağlı proqnoz göstəriciləri 0,3 faiz bəndi artırılıb. Bu barədə məlumatlar bankın “Regional iqtisadi perspektivlər” adlı hesabatının fevral sayında yer alıb.
Bildirilib ki, Azərbaycan iqtisadiyyatı neft və qaz qiymətlərindəki dalğalanmalara, eləcə də regiondakı geosiyasi gərginliyə həssas olaraq qalır. Hesabatda qeyd olunur: “Orta müddətli perspektivdə Çini Avropa ilə birləşdirən Orta Dəhlizlə yükdaşımalar ölkənin nəqliyyat və logistika sektorları üçün yeni imkanlar yarada bilər. Bundan əlavə, dövlət istehlakının infrastruktur, kənd təsərrüfatı və müdafiə sahələrinə investisiyalar hesabına dəstəklənəcəyi gözlənilir”.
AYİB-in məlumatına görə, 2024-cü ildə qeyri-neft sektoru və dövlət investisiyaları hesabına Azərbaycan iqtisadiyyatının artım tempi xeyli sürətlənib. Belə ki, real ÜDM 2023-cü ildəki 1,1 faizlə müqayisədə 4,1 faiz artıb. Qeyri-neft sektorunda artım isə bir il əvvəlki 3,7 faizə nisbətən 6,2 faiz təşkil edib. Neft və qaz sektoru 2024-cü ilin martında Avropaya tədarük üçün qaz hasilatının artması fonunda yenidən artım nümayiş etdirməyə başlayıb.
Hesabatda daha sonra qeyd bildirilib: “İqtisadi fəallıq əhalinin real gəlirlərinin artımı və infrastruktur investisiyaları ilə dəstəklənib. Bununla belə, inflyasiya səviyyəsi nisbətən aşağı olub. 2024-cü ilin aprelində inflyasiya illik ifadədə 0 faizə qədər azalıb (minimum 9 ildən artıq müddətdə). İlin sonuna inflyasiya 4,9 faiz təşkil edib. Qiymətlərin sabitləşməsinə dövlət tənzimlənməsi və dünyada ərzaq məhsullarının ucuzlaşması təsir göstərib”.
Bank xatırladıb ki, Azərbaycan Mərkəzi Bankı inflyasiya təzyiqinin azalması fonunda 2023-cü ilin sonunda əsas uçot dərəcəsini, ümumilikdə, 175 baza bəndi – 2023-cü ilin noyabrındakı 9 faizdən 2024-cü ilin may ayına kimi 7,25 faizə endirib və bundan sonra onu bu səviyyədə saxlayıb. “Eyni zamanda, kreditləşmənin yüksək artım tempini (2024-cü ildə 20 faizdən çox) nəzərə alaraq, Mərkəzi Bank 2025-ci ilin martında qüvvəyə minəcək 0,5 faiz həddində kontrtsiklik kapital buferinin tətbiq edildiyini açıqlayıb”, – deyə hesabatda qeyd olunub.