İranlı nazir: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əvvəli Bəndər Abbas limanı, şimal nöqtəsi isə Astaradır

post-img

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əvvəli Bəndər-Abbas limanı, şimal nöqtəsi isə Astaradır. Rəşt-Astara dəmir yolu xəttinin çəkilişi bu məsafənin birləşməsini tamamlayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqi Tehranda keçirilən Xəzər İqtisadi Forumunda jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, yüklərin cənubdan şimala daşınması İran və sərhədyanı dövlətlər üçün çox vacibdir.

“Bu yol tranzit yükdaşımalarının və ümumilikdə nəqliyyatın inkişafı üçün əhəmiyyətlidir. İran hökuməti Rəşt-Astara dəmir yolu xətini tamamlamaqda qərarlıdır. İran ilə Rusiyanın müvafiq qurumlarının nümayəndələri son bir ay ərzində 5 dəfə görüş keçiriblər. Rusiya yolun tamamlanması üçün 1 milyard 600 milyon avro kredit ayırıb. Bu kredit dəmir yolunun çəkilişi üçün texniki məsələlərin həll olunmasına imkan verəcək. İran hökuməti isə yolun üzərindən keçdiyi torpaqlar sahibləri ilə alqı-satqı işini sürətləndirəcək. Rusiya tərəfi ilə keçirilən görüşlərdə yolun çəkilişini davam etdirmək üçün görüləcək işlərin planı hazırlanıb və razılaşdırılıb”, - deyə Fərzanə Sadeqi qeyd edib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib. İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar yolun Rəşt-Astara hissəsinin tikintisini çətinləşdirib. Bu yol vasitəsilə Asiyadan Rusiya və Avropaya daşınan yüklər İran və Azərbaycan ərazisindən tranzit olaraq daşınacaq.

İqtisadiyyat