Yapon şirkəti ilə enerji səmərəliyi müzakirəsi

post-img

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın “Yokogawa Europe B.V.” şirkəti (“Yokogawa Electric Corporation” şirkətinin törəmə müəssisəsi) arasında enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında müzakirələr aparılıb. Bu barədə SOCAR-ın sosial şəbəkə hesablarında məlumat verilib.

Qeyd olunub ki, SOCAR və “Yokogawa Europe B.V.” arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində SOCAR-ın strateji rəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə icraçı seminar təşkil olunub. “Seminarda neft emalı sahəsində dəyər zəncirinin optimallaşdırılması, modernizasiyası və genişləndirilməsi layihələri, enerji səmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında geniş müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, SOCAR və “Yokogawa Electric” şirkəti arasında Anlaşma Memorandumu 2024-cü ilin dekabr ayında imzalanıb. Şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.

İqtisadiyyat