İqtisadi şaxələndirmə xarici əməkdaşlığı da genişləndirib

post-img

Qeyri-neft ixracı 1 ildə 3,4 milyard dollara yüksəlib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2024-cü ilin “İxrac icmalı”nı təqdim edib. İcmala əsasən, hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü illə müqayisədə 0,3 faiz artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. 2024-cü il ərzində yeyinti məhsullarının ixracı 11,3 faiz artaraq 1,03 milyard dollara bərabər olub.

Keçən il ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62,4 faiz artaraq 38,5 milyon dollar, pambıq lifi 45,2 faiz artaraq 178,2 milyon dollar, bitki mənşəli yağlar 32,8 faiz artaraq 28,9 milyon dollar, qiymətli metallar 29,2 faiz artaraq 215,3 milyon dollar, kimya sənayesi məhsulları 18,3 faiz artaraq 293,7 milyon ABŞ dollar, çay 1,6 faiz artaraq 6 milyon dollar, qara metallar 1,9 faiz artaraq 48,2 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar 1 faiz artaraq 197,2 milyon dollar təşkil edib.

Ötən il ərzində aqrar məhsulların ixracı 2,8 faiz artaraq 789,4 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı 57,3 faiz artaraq 316,1 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1 faiz artaraq 1,11 milyard dollar təşkil edib. Hesabat dövründə ixrac edilmiş qeyri-neft məhsulları sırasında qızıl (211,8 milyon dollar) 1-ci olub. Pambıq mahlıcı (177,1 milyon dollar) 2-ci, tomat (pomidor) (175,4 milyon dollar) 3-cü yerdə qərarlaşıb.

2024-cü ildə Rusiya Federasiyasına 1,2 milyard dollar, Türkiyəyə 542,3 milyon dollar, Gürcüstana 272,4 milyon dollar, İsveçrəyə 220,4 milyon dollar, ABŞ-a isə 134,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.Keçən ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (27,1 milyon dollar) 1-ci, qızıl (25,2 milyon dollar) 2-ci, tomat (pomidor) (20,1 milyon dollar) 3-cü olub.

Həmin vaxt qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (94,2 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (35,2 milyon dollar) ikinci, İsveçrə (26,8 milyon dollar) üçüncü olub. 2024-cü il üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “MKT İstehsalat Kommersiya”, “Silk Vey Vest Aviaşirkəti”, “ASG Business Aviation”, “Baku Steel Company” şirkətləri, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Tabaterra” QSC, “Khan-El” MMC, “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti və Süleymanova Göhər Süleyman qızı təmsil olunublar.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında dövlətə məxsus olan şirkətlərin siyahısına isə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər – “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma zavodu” ASC, “Azəripək” MMC təmsil olunublar.

2024-cü ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 18,5 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 faizini təşkil edib. 2024-cü ilin dekabr ayında isə “Azərkosmos”un dünyanın 40 ölkəsinə 1,6 milyon dollar dəyərində xidməti qeydə alınıb.

Hesabat ili ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon dollar ilə Birləşmiş Krallıq, 3,8 milyon dollar ilə Lüksemburq, 855,5 min dollar ilə BƏƏ, 683,8 min dollar ilə Pakistan, 654,5 min dollar ilə Türkiyə qərarlaşıb.

İxrac əməliyyatlatında diqqətçəkən bu uğurlu göstəriciləri bir sıra amillər şərtləndirir. Məsələn, son illər respublikada ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.

Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.

Bütün bunlarla bərabər, respublikamızda prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasəti aparılır, makroiqtisadi və büdcə dayanıqlığının reallaşdırılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsinə xüsusi əhəmiyyət verilir. Məhz bütün bunların nəticəsidir ki, hazırda qeyri-neft-qaz sənayesində artım neft–qaz sektorundakı artımı üstələyir.

Mövcud sahədə əlavə dəyərin 7 faizə yaxın artması, ümumi halda isə qeyri–neft sektorunda 3 faizdən çox artım müşahidə olunması, həmçinin 2003-cü ildən başlayaraq, ötən zaman ərzində reallaşdırılan strategiya sayəsində milli iqtisadiyyatın real xərcinin, təqribən, 4 dəfə, ixracın 15,6 dəfə yüksəlməsi, iqtisadiyyatın orta artım tempinin dünya üzrə orta səviyyədən 4 faiz çox olması bunun parlaq ifadəsidir.

Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə güclənməsi də xarici ticarət dövriyyəsinin əhatə dairəsinin böyüməsinə təkan verib. Məhz bunun nəticəsidir ki, ölkəmizin xarici ticarət əlaqələrinin coğrafiyası ildən-ilə genişlənib.

Bütün bunlar hazırda ölkə iqtisadiyyatı üçün yeni istiqamətlərin formalaşdığını deməyə əsas verir. Bu istiqamətlər isə idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılmasına xidmət edir. Özəl investisiyaların dominant rolunun gerçəkləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı” səviyyəsinin minimuma endirilməsi də bu sıraya daxildir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr isə müsbətdir.

 

 





İqtisadiyyat